Təhsil Nazirliyi əsgər Rüfət Novruzovun müraciətini müsbət cavablandırdı – FOTO

  • Space TV
  • 15 Dekabr 2020 14:07

Ötən gün sosial şəbəkələrdə yayımlanan əsgər Novruzov Rüfət Yunis oğlunun videomüraciəti Təhsil Nazirliyi tərəfindən araşdırılıb və məsələnin müsbət həlli ilə bağlı müvafiq tapşırıq verilib.

Nazirlikdən Spacetv.az-a verilən məlumata görə, 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Xocalı şəhəri üzrə təsərrüfat qrupunun agenti Rüfət Novruzov 10 sentyabr 2020-ci il tarixindən altı ay müddətinə ödənişsiz məzuniyyət ilə bağlı 8 saylı ƏMHM-nin rəisinə müraciət edib.

ƏMHM-nin rəisinin imzaladığı müvafiq əmr əsasında Rüfət Novruzova 10 sentyabr 2020-ci il tarixindən ailə vəziyyəti ilə bağlı altı ay müddətinə ödənişsiz məzuniyyət verilib.

Rüfət  Novruzov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına çağırılıb, lakin ödənişsiz məzuniyyətdə olması səbəbindən hərbi xidməti dövründə onun maaşı ödənilməyib.

Rüfət Novruzovun Vətən Müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilir. Onun üç aylıq maaşı məbləğində maliyyə yardımı Təhsil İşçiləri Həmkarlar Komitəsinin büdcəsindən artıq ödənilib.

Qeyd edək ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qəhrəman təhsil işçiləri Təhsil Nazirliyinin daim diqqətindədir və bu istiqamətdə davamlı olaraq müvafiq addımlar atılır.

Paylaş

 Xəbəriniz olsun