Təhsil işçilərinin respublika konfransı

  • SpaceTV
  • 12 Sentyabr 2019 13:19

Bu gün təhsil işçilərinin respublika konfransı keçirilib. Millət vəkillərinin, yerli təhsili idarəetmə qurumlarının və ümumi təhsil müəssisələrinin rəhbərlərinin, təhsil ekspertlərinin və  təhsil ictimaiyyətinin nümayəndələri iştirak etdiyi tədbirdə Təhsil naziri maraqlı məqamlara toxunub.

 “Bu il müəllimlərin müsabiqəsində iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər də artıb, müraciət edənlərin sayı 55 mini ötüb. Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.” Bu fikirləri təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında səsləndirdi. Konfransda çıxış edən Ceyhun Bayramov müəllim nüfuzunun, həmçinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində görülən işlərdən də söz açdı.

Təhsil nazirinin sözlərinə görə, bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir.

Həmçinin Təhsil naziri Ceyhun Bayramov konfransda onu da bildirdi ki,  bəzi məktəblər təhsili yüksək səviyyədə təşkil edə bilmir. “Bəzi məktəblərdə arxayınçılıq var ki, məzunlar əlavə hazırlıq hesabına buraxılış və qəbul imtahanlarına müstəqil şəkildə hazırlaşa bilərlər. Hesab edirik ki, artıq bu işdə köklü bir yanaşma və dəyişiklik edilməsinin zamanı yetişib”.

 Eyni zamanda növbəti tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması da planlaşdırılır. İlkin olaraq müxtəlif  bölgələr əhatə olunmaqla 20 ümumi təhsil müəssisəsində işə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq. 

Tural İbrahimov İsa İsmayilov Space

Paylaş

 Xəbəriniz olsun