Təhlükə saçan ağaclar – FOTO

  • SpaceTV
  • 21 Sentyabr 2019 12:52

Bura paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsidir. Gördüyünüz bu ağaclar uzun illərdir ki, ömürünü başa vurub. İndi ətrafa təmiz hava verməkdənsə, təhlükə saçır.

Ərazidə yaşayan sakinlər ağacların istənilən an aşa, ətrafdakı insanların üzərinə düşə biləcəyini bildirir. Hətta gördüyünüz bu ağac yaxınlıqdakı klinikanın cərrahiyyə blokunun üzərinə aşa bilər. Əməliyyat blokunda isə, onsuz da hər gün həyat-ölüm savaşı gedir. Ağacın əməliyyat zamanı aşmaq təhlükəsinin olması isə, bu savaşı daha da şiddətləndirir.

 Qeyd edilən ünvandakı 22 saylı binanın arxasındakı ağaclarla bağlı tədbir görülməsi üçün aidiyyatı qurumlara müraciət edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ağacların budanması ilə bağlı rəy də verib. Rəydə budanma ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilməsi tövsiyə edilib. Lakin müraciət edilsə də, ağacların budanması, yaxud kəsilməsi həyata keçirilməyib. Adıçəkilən hər iki qurumdan Space TV-nin xəbər xidmətinə bildirildi ki, qəzalı ağaclar kafenin ərazisində yerləşdiyindən obyekt sahibi Xətai rayon İcra Hakimiyyətinə müraciət etməlidir. Həmin müraciət əsasında icra hakimiyyəti rəy üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq idarəsinə sorğu göndərməlidir. Müsbət rəy alındıqdan sonra ağacların kəsilməsi həyata keçirilə bilər. Verilən cavabdan aydın olur ki, hər an ölüm saçan 3-4 ağacın kəsilməsi uzun zaman aparan prossesdir. Bu zaman hər hansı bir faciənin yaşanmayacağına isə, heç kim zəmanət vermir.

Cəfər Talıb, Samir Göylərli, Space.

Paylaş

 Xəbəriniz olsun