Təbiətin min bir rəngi ilə bəzənmiş Laçın: Yerin altı da, üstü də xəzinədir – FOTO

  • Space TV
  • 1 Dekabr 2020 16:45

“Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, Azərbaycan ordusunun bölmələri dekabrın 1-də Laçına daxil olublar.

Artıq bu gün Laçın rayonu işğaldan azad olunub.

Laçın rayonu haqqında arayış

Laçın Dağlıq Qarabağın ətrafında yerləşən yeddi rayondan biridir. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan ordusu Laçının da Güləbürd, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizləyib.

Müfəzzər Azərbaycan ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan kapitulyasiyasını elan edib.

Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər kimi Azərbaycana təhvil verməli olub. 

Bu gün Laçını tərk edən erməni əhalisi 1992-ci ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. Ağdam və Kəlbəcərdə olduğu kimi, qeyri-qanuni yaşadıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçından da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər.

Azərbaycan ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Bunun müqabilində isə Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək, ekoloji fəlakət törədiblər. Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalidən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub.

Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. İşğalı dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc insan Laçında girov götürülüb. 

Rayondan köçkün düşən Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün növbəti əyani nümunədir. 

Laçın rayonu respublikanın cənub-qərbində, Qarabağ silsiləsində yerləşir. Rayonun reylefi dağlar və dağlıq yaylalardan ibarətdir. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594 m). Bitki örtüyü kolluq və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq və s.), subalp və alp çəmənliklərindən ibarətdir.

Ərazisinin çox hissəsində qışı quraq keçən mülayim-isti, soyuq iqlim tipi, Qarabağ yaylasında isə dağ-tundra iqlimi üstünlük təşkil edir. İllik yağıntının miqdarı 600-900 mm-dir. Rayon ərazisindən Həkəri çayı və onun qolları keçir.

Rayonun meşə fondunun əhəmiyyətli hissəsi işğal dövründə Ermənistan tərəfindən məhv edilib. 

Laçında 10 ədəd Şərq çinarı növünə məxsus qədim ağaclar təbiət abidələri kimi qeydə alınıb. Bunlardan səkkiz ədədi rayonun Malxələf kəndindədir, ən yaşlı ağacın diametri 210 sm, hündürlüyü 26 metr, yaşı isə 400 il təşkil edib.

Rayon ərazisində ümumi sahəsi 1092 ha olan üçüncü dövrün relikt növlərinə aid “Ardıc meşəsi” dövlət təbiət abidələri kimi xüsusi qiymətli meşə sahələrinin siyahısına daxil edilib. Buradakı ağacların yaşı 100-150 ilə çatır.  

Rayon ərazisində iki xüsusi mühafizə olunan təbiət ərazisi – Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı yerləşir.

Qaragöl Dövlət Təbiət Qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhədində, dəniz səviyyəsindən 2658 m hündürlükdə, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbəyinə yaxın 240 hektar ərazidə yaradılıb.

Gölün dərinliyi 5-6 metr olmaqla vulkanik mənşəlidir. Qaragölün əsas biokütləsində Gammarus lacustris şirinsu xərçəngi mühüm yer tutmaqla qiymətli balıq növü olan Qızılxallı balıq (forel) üçün yem bazası hesab olunub.

Gölün müasir vəziyyəti heç də qənaətbəxş deyil, aerokosmik şəkillərdən gölün tamamilə quruduğu müşahidə edilib. Ətraf çəmənliklər sistemsiz olaraq intensiv otarılmaqla bitki örtüyü korlanıb.

Laçın Dövlət Təbiət Yasaqlığı 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində 20 000 hektar ərazidə yaradılıb. Bitki örtüyünə görə yasaqlığın ərazisi iberiya palıdlarından ibarət olan orta dağ-meşə (1000-1700 m), Şərq palıdından ibarət olan yuxarı dağ-meşə (1700-2200 m), sulbalp (2200-2500 m) və alp (2500-2800 m) çəmənlikləri qurşaqlıqlarına ayrılır.

Sahəsinin 7 369 ha və ya 34,5 faizi meşə sahəsi, 1 448 və ya 6,8 faizi alp çəmənliyi, 7 400 ha və ya 34,8 faizi subalp çəmənliyi, 4 257 ha və ya 20 faiz otlaqlar, 862 və ya 4 faiz qayalar və uçqunlar, 34 ha xüsusi təyinatlı torpaqlardır. Burada Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən heyvan növlərindən dağ keçisi (Bezoar keçisi), Avropa cüyürü, Nəcib maral, Xəzər uları, Ütəlgi qızılquş, Adi qızılquş, Qonur ayı, Ağbaş kərkəs məskunlaşıb.

Meşələri əsasən vələs, cökə, ağcaqayın və s. qarışıq tip meşələrdir. Yasaqlığın ərazisindəki Hacısamlı meşəsində dünyada qiymətli sayılan Qırmızı palıdın (Qızıl palıd) təbii arealı mövcud olub. Bu ağac Azərbaycan Respublikasında ancaq həmin yasaqlıqda yayılıb. 

Həkəriçay Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisindən axaraq Araz çayına tökülür. Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci ən böyük çayı olub, qar, yağış və yeraltı sulardan qidalanır. Çayın sutoplayıcı sahəsi 1180 kvadrat kilometr, uzunluğu 113 kilometr, çoxillik orta su sərfi 10,8 kubmetr/saniyə, illik axımın həcmi 341 milyon kubmetrdir.

Ağsuçay Laçın rayonu ərazisinə daxil olur və Həkəriçayına tökülür. Axımı, əsasən, qar və yeraltı sulardan qidalanır. Çayın sutoplayıcı sahəsi 88 kvadrat kilometr, uzunluğu 25 kilometrdir.  

Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik yeddi relikt göldən Laçın rayonu ərazisində yerləşən Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl böyük antropogen təsirə məruz qalıb.

Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən, (üç filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları) civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.

Paylaş

 Xəbəriniz olsun