Şuşanın qədim toy adətləri Özbəkistan mətbuatında

  • Space TV
  • 2 Fevral 2021 16:10

Özbəkistanın “nargis.uz” portalı qədim Şuşa şəhərinin toy ənənələri və mərasimləri haqqında rus dilində məqalə çap edib. 

Bütün Azərbaycanda olduğu kimi, Şuşada da toylar üç mərhələyə – toyqabağı, toy və toydan sonrakı mərhələyə bölünür və materialda bu haqda ətraflı məlumat verilib. 

Bildirilir ki, Şuşanın qışı soyuq olduğundan toylar əsasən Novruz günlərində, yay aylarında və payızın əvvəllərində keçirilib. Şuşa toylarında tanınmış xanəndələr, müğənnilər iştirak edib, ona görə də bu qədim şəhərin toyları ümumxalq bayramına çevrilib və hər toy böyük konserti xatırladıb. 

Keçən əsrin əvvəlləri və ortalarında toylarda Hacı Hüsü, Məşədi İsi, Şahnaz Abbas, Keçəçioğlu Məhəmməd, Bülbülcan, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski və digər tanınmış xanəndələr oxuyub. 

Materialda vurğulanır ki, toy sahibinin maddi vəziyyətindən və qonaqların sayından asılı olaraq toylar 3,7,14, 21 və bəzi hallarda 40 gün çəkərmiş. Adətən toyun birinci günü “Rast”, ikinci günü “Çahargah”, o biri günlər “Şur”, “Segah”, “Bayatı-İsfahan”,”Rahab” və “Şüştər” muğamları oxunub. 

Toy günləri poeziya axşamları da keçirilər, belə məclislərdə qəzəllər, dastanlar, rübailər səslənərmiş. 

Qeyd olunur ki, sonuncu Qarabağ xanı Mehdiqulu Xanın qızı, şair Natəvan öz oğlu üçün 40 gün toy edib. Bu toy, sözün əsl mənasında musiqi, poeziya və rəqs festivalı kimi tarixə düşüb. Məclisdə Azərbaycanın hər yerindən, o cümlədən, Türkiyə, İran, Rusiya, Gürcüstandan musiqiçilər və qonaqlar iştirak edib. Natəvanın tapşırığı ilə 40 gün ərzində şəhər sakinlərinə və yaxın kəndlərdə yaşayanlara plov paylanıb, hədiyyələr verilib.

Məqalənin hazırlanmasında Çingiz Qacarın “Köhnə Şuşa”, Firudin Şuşinskinin “Azərbaycanın xalq musiqiçiləri” və “Bir musiqişünasın əksləri”, Yusif Vəzir Çəmənzəminlinin “Seçilmiş əsərləri”ndən istifadə edilib.

Paylaş

 Xəbəriniz olsun