“Şüşə ev” təmir olunur -FOTO

  • SpaceTV
  • 24 Avqust 2019 12:39

Gəncə şəhərinin görməli abidələri sırasında “Butılkalı ev” kimi tanınan tikili özünəməxsus yer tutur. İnşasında 46 minə yaxın şüşə içki qablarından istifadə olunan bu ev yarım əsrdən çoxdur ki, insanlarda maraq doğurur.

Gəncənin tanınan məkanlarından biri olan, şəhərin turist-bələdçi xəritələrinə də düşmüş “Butulkalı ev” əsaslı şəkildə təmir edilir. Hazırda evin dam örtüyü, içəridən tavanı, həmçinin eyvan hissəsində bərpa-yenilənmə işləri görülür.  1966-1967-ci illər ərzində inşa olunan “Butılkalı ev” Gəncənin Qənbər Hüseynli və Hüseyn Cavid küçələrinin kəsişməsində yerləşir. “Butılkalı evin” tarixçəsi  maraqlı olmaqla yanaşı, kövrək duyğularla bağlıdır.

 Belə ki, evin sahibi  İbrahim Cəfərov öz əlləri ilə inşa etdiyi bu unikal abidə-mənzili Böyük Vətən Müharibəsində lap gənc yaşlarında həlak olmuş qardaşı Yusif Cəfərovun xatirəsinə ithaf edib.  Evin fasad hissələrini isə Yusifin portretləri, eləcə də vətənpərvərlik mövzulu şəkillər və kompozisiyalarla bəzədilib. İbrahim Cəfərov özü də müharibədə iştirak edib . O, sadə peşə adamı olub. Gəncə lokomotiv deposunda maşinist, sonralar isə inşaatçı kimi çalışıb.

1992-ci ildə 72 yaşında vəfat edib. Yüksək bədii zövqə və istedada malik olan İbrahim kişi heç vaxt boş durmayaraq, Gəncənin tarixi, həmçinin Böyük Vətən Müharibəsi mövzularında əl işləri yaradaraq keçmiş SSRİ-nin müxtəlif muzeylərinə göndərib, Vətənimizi tanıdıb.

İki mərtəbəli, 4 otaqlı, bütöv eyvanlı “Butılkalı ev”in inşası zamanı  İbrahim usta 60-cı illərdə 42 min ədəd müxtəlif ölçüli şüşə qab istifadə edib. Sonrakı illərdə yeni kompozisiyalar üçün daha 4 min ədəd butılka əlavə edib. Hazırda “Butılkalı ev”də İbrahim kişinin gəlini və nəvə-nəticələri yaşayırlar.

Evin sakinləri bu yurdu tikənin xatirəsini əziz tutur, həmçinin Gəncənin bu unikal yadigar-abidəsinin tarixçəsinin maraqlı məqamlarını həvəslə bölüşürlər.

 Memarlıq baxımından “Butılkalı ev”-in əsas xüsusiyyəti odur ki, burada şüşə qablar ənənəvi, eləcə də  dekorativ təyinatlı inşaat materialları ilə vəhdət təşkil edir. Müxtəlif ölçülü, çapılmış  çay daşları, həmçinin rəngli daşların harmoniyası insanı heyran edir. İndiki təmir də evin orijinal görkəminə xələl gətirilmədən aparılır. İşlər bitdikdən sonra zamanın  “Butılkalı ev”ə vurduğu bəzi fəsadlar aradan qalxacaq və o, daha təravətli görkəm alacaq.

Paylaş

 Xəbəriniz olsun