Sumqayıtda seyf oğruları tutuldu: Kameraların yaddaş bloklarını da aparıblar

  • SpaceTV
  • 13 Noyabr 2019 12:41

Sumqayıtda beş marketdən seyf oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində marketlərdən silsilə oğurluqlar edən şəxslər tutulublar.

Məlumata görə, şəhər sakinləri Elnur Bağırov və Emin Nəzərov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların müxtəlif vaxtlarda Sumqayıt şəhərində xüsusi texniki vasitələrlə qorunmayan beş marketdən içərisində pul olan seyflər oğurladığı məlum olub.

Dəstə üzvləri mağazalara daxil olan zaman sonradan ifşa olunmamaları üçün obyektlərin daxilində olan müşahidə kameralarının yaddaş bloklarını da özləri ilə götürüblər.

Emin Nəzərov və Elnur Bağırov seyflərdən bir neçəsini marketlərin içində açsalar da, digərlərini özləri ilə aparıblar. Onlar seyfləri açandan sonra izi itirmək məqsədilə Sumqayıt şəhərindəki su hövzələrindən birinə atıblar.

Qeyd edək ki, dəstə üzvü olan Elnur Bağırov həmin mağazalar şəbəkəsində əvvəllər kassir işlədiyi üçün oğurluq etmək təklifi də ondan gəlib.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun