Sumqayıtda köçürülən ağacların yerində koronavirusa görə mobil klinika quraşdırılır – RƏSMİ +

  • SpaceTV
  • 6 Aprel 2020 13:30

Sumqayıt şəhərində koronavirusla mübarizə məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən SPACE TV-a bildirilib ki, Sumqayıt şəhər 1 nömrəli xəstəxananın ərazisində əhaliyə tibbi xidmətlərin göstərilməsi, koronavirusla mübarizə məqsədilə mobil səyyar hospital quraşdırılır:

“Bu səbəbdən dövlət sifarişi ilə 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının ərazisində müvafiq yer ayrılıb. Layihənin mühüm əhəmiyyəti nəzərə alınaraq, ərazidəki tikinti altına düşən ağaclarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub.

Nazirlik layihənin mühüm dövlət əhəmiyyətini və sosial infrastrukturun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyini nəzərə alaraq, mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanmasına, boş ərazilərə köçürülməsinə, köçürülməsi mümkün olmayan bir neçə ağacın isə götürülməsinə rəy verib”. 

“Ərazidəki bir neçə ağac budanaraq, xəstəxananın həyətindəki boş əraziyə köçürülüb. Eyni zamanda, ərazidəki boş sahədə 500 ağacın əkilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq verilib. Artıq ağacların əkilməsinə başlanılıb”, – məlumatda bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıtda ağacların kəsilməsi barədə məlumat yayılıb.

Paylaş

 Xəbəriniz olsun