4,2 kilometr uzunluğu, 106 hektar sahəsi olan bulvar kompleksi bu gün şəhər sakinlərinin ən çox ziyarət etdiyi məkanlardan biridir. Hazırda bulvar ərazisinin genişləndirilməsi işləri həyata keçirilir. Qısa müddətdə bulvarın uzunluğu daha bir kilometr uzadılaraq şəhər sakinlərinin ixtiyarına veriləcək. Genişləndirilən ərazidə 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində yol və yaşıllıq zolağı salınacaq. Hazırda ərazidə yeni yolun salınması işləri sürətlə davam edir. Artıq asfaltlanma işlərinə başlanılıb. Həmin yol şəhərin Səməd Vurğun küçəsinə birləşdiriləcək.
Ərazidə uşaq əyləncə mərkəzlərinin, müxtəlif attraksionların, fəvvarənin quraşdırılması nəzərdə tutulub. Yeni ərazidə restoranlar tikiləcək, çimərlik zonası salınacaq, 300-ədək istirahət otağı inşa ediləcək. Sumqayıt bulvarı və dənizkənarı parkı həm ərazisinə, həm də landşaftına görə ölkəmizdə mövcud olan əksər parklardan seçilir. Bu parkın çimərliyə birbaşa çıxışının olması onu digər bulvarlardan fərqləndirir. Ümumilikdə, bulvar ərazisinin genişlənməsi işləri noyabr ayında 70 illik yubiley ərəfəsində başa çatacaq.
Tural Şahinoğlu Space