Suda batan yeganə ağac

  • SpaceTV
  • 14 Yanvar 2020 15:08

Dəmirağacla bağlı maraqlı faktlardan biri milyonçu Nobel qardaşlarının həyatında dönüş yaratmasıdır. Əvvəllər tüfəng istehsalı ilə məşğul olan Nobeli Lənkəran meşələrində bitən bərk və dözümlü dəmirağacdan ən yaxşı tüfəng qundaqları hazırlamaq arzusu Azərbaycana gətirir.  Bakıda fontan vuran neft quyularını görəndən sonra isə mədənlərə sahib olan isveçli beləliklə Azərbaycanda böyük sərvət qazanır. Əsasən su hövzələrinə yaxın, çay kənarlarında bitən, ilboyu vegetasiya dövrü keçirən bu ağacın gövdəsi çox ağır olduğundan suda belə batır. Hazırda dəmirağac ən çox zəngin bitki örtüyü olan Hirkan Milli Parkının ərazisində qorunur. 

Bu nadir ağacı digərlərindən fərqləndirən  digər bir xüsusiyyət yanvar ayında çiçək açmasıdır. Çiçəkləmə dövrü isə 80 günə kimi davam edir. Əgər bir dəmirağac zədələnərsə, ona bitişik olan digər dəmirağaclar bərpasına kömək edir. Materialının möhkəmliyi səbəbindən bir vaxtlar dəmirağac maşınqayırmada, toxuculuqda geniş istifadə ediblər. Gövdəsi nadir hallarda düz olduğundan tikintidə demək olar ki, istifadə olunmayıb. Dəmirağac cənub bölgəsinə gələn turistlərin, elm adamlarının da diqqətini çəkir.

Ümumi ərazisi 40 min 358 hektar olan Hirkan Mili Parkının 20-25 faizini dəmirağac təşkil edir. 3-cü dövr relikt bitki-ağac növünə aiddir. Təxminən 200 il ömrü olan dəmirağacın hündürlüyü 28 metrə qədər olur.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun