Su xətləri yenilənir

  • SpaceTV
  • 28 Sentyabr 2019 12:14

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Səbail rayonunun 20-ci sahə yaşayş massivində içməli su və kanalizasiya layihələri icra olunur.

Bakı şəhəri Səbail rayonunun 20-ci sahə yaşayış massivində icra olunan layihə Salyan şossesi, Gülbala Əliyev, Arif İsmayılov, Çernyaxovski və Yüzbəy Mürsəlov küçələrini əhatə edir. Bu ilin əvvəlində həyata keçirilmiş layihənin davamı olaraq hazırda ərazidə yeni su və kanalizasiya infrastrukturu yaradılır. Layihə çərçivəsində adıçəkilən küçələrdə müxtəlif diametrli borularla 6,5 km uzunluğunda su xətləri inşa edilir. Yeni şəbəkədən hər bir evə birləşmə verilir. Eyni zamanda tullantı suları ilə bağlı problemin aradan qaldırılması məqsədilə ümumi uzunluğu 5,6 km olan kanalizasiya xətləri inşa edilir. Ərazidə yaranan tullantı suları Salyan şossesində yeni tikilən daşıyıcı xəttə ötürülərək yaxınlıqdan keçən 1000 mm diametrli Bayıl-Bibiheybət kollektoruna yönləndiriləcək.

Ümumilikdə tikinti-quraşdırma işlərinin ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla da 30 mindən çox sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.  20-ci sahə yaşayış massivinin su təchizatında dayanıqlıq təmin edildikdən sonra ərazidə yerləşən “Şimal” nasos stansiyasının fəaliyyəti dayandırılacaq.  Xatırladaq ki, bu ilin yazında 20-ci sahə yaşayış massivində icra olunmuş layihə çərçivəsində 5,4 km içməli su şəbəkəsi yaradılıb.

Paylaş

 Xəbəriniz olsun