“Srebrenitsa anaları” Ağdama getdilər

  • Space TV
  • 25 Fevral 2021 12:45

“Srebrenitsa anaları” Hərəkatının üzvləri Parlament Jurnalistləri Birliyinin (PJB) dəvəti ilə Bakıya gəliblər. 

Spacetv.az-ın məlumatına görə, Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar ölkəmizə gələn “Srebrenitsa anaları” Hərəkatının üzvləri bu gün Ağdama yola düşüblər.

Hərəkat üzvlərini Azərbaycana dəvət edən PJB sədri Elşad Eyvazlı bildirib ki, Bosniya və Herseqovinadan olan anaların gəlişində məqsəd Xocalı soyqırımı məsələsində ölkəmizə dəstək verməkdir.

“Srebrenitsa anaları” Bakıda olduqları müddətdə Xocalı abidəsinə də baş çəkəcək, soyqırımı qurbanlarını yad edəcəklər.

Hərəkat üzvləri daha sonra xocalılarla görüşəcək, onlara mənəvi dəstəklərini ifadə edəcəklər.

“Srebrenitsa anaları” Xocalı soyqırımını və xocalıların başına gətirilən dəhşətləri dünyaya yaymaq üçün qatılacaqları bütün beynəlxalq tədbirlərdə bu barədə insanları məlumatlandıracaqlar.

Xatırladaq ki, sabah Azərbaycanda Xocalı soyqırımının 29-cu ildönümüdür.

Qeyd edək ki, Bosniya və Herseqovinanı təmsil edən “Srebrenitsa anaları” Hərəkatının üzvləri də 1995-ci ildə serblər tərəfindən törədilən soyqırımına məruz qalıblar. Belə ki, həmin ildə Srebrenitsada üç gün ərzində 10 mindən çox insan, o cümlədən 570 qadın və 1000-dən çox uşaq öldürülüb. Bu soyqırımının günahkarları cəzalandırılıb və dünya bu soyqırımını tanıyır. Avropa İttifaqı 11 iyul tarixini Srebrenitsa Qurbanlarının Anım Günü kimi təsis edib. Həmin ərazidə böyük memorial kompleks inşa edilib.

Paylaş

 Xəbəriniz olsun