Sovet ordusu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qırğınları beş gün sonra Lənkəranda təkrarladı.

  • SpaceTV
  • 25 Yanvar 2020 16:20

Əli qana bulaşmış rus ordusuna qarşı lənkəranlılar da etiraz səsini ucaltmışdı. Həmin vaxt azadlıq hərəkatı geniş vüsət almışdı. Bunun qarşısını almaq üçün rus ordusu Lənkərana yeridilir. Rus hərbçiləri xalq hərəkatı nümayəndələrindən guya onlarda olan silahları qeyd-şərtsiz təhvil verməyi tələb edir, dinc əhaliyə divan tutmaqla hədə-qorxu gəlirdilər. Şəhərdə törənə biləcək kütləvi qırğının qarşısını almaq üçün onlarla vətənpərvər lənkəranlı sovet ordusunun diqqətini yayındırmaq məqsədilə Haftoni meşələrinə çəkilir. İmperiya qoşunları meşədə əliyalın sakinləri mühasirəyə alıb hücum təşkil edir.

Rus qoşununun özbaşınalıqlarına qarşı çıxan könüllülər adi ov silahları ilə də olsa, onlara müqavimət göstərməyə çalışırdı. Əsas məqsəd rus hərbiçilərini şəhərdən uzaqlaşdırmaqla nahaq qanın tökülməsinin qarşısını almaq idi. Nəticədə Haftoni meşələrinə çəkilən Vaqif Məmmədov, Salman Baxşıyev, Şahin Məmmədov, Rahim Məmmədov və Rövşən Bədəlov şəhid olur. Mühasirəyə düşdükdən sonra sağ ələ keçirilənləri isə vəhşicəsinə döyə-döyə vertolyotla aparırlar. 

Bu qanlı hadisələrdə şəhidlik zirvəsinə ucalanlarla yanaşı, cəsarət və qəhrəmanlıq nümayiş etdirib, baş verənləri lentə alan bir şəxsi də xüsusi qeyd etmək lazımdır. Ölümün gözünə dik baxaraq fədakarcasına silahını – kamerasını yerə qoymayan Vaqif Ağayevdən söhbət gedir.

Vaqif Ağayev hədə-qorxulara və ölüm təhlükəsinə baxmayaraq, tarixi kadrları çəkməyə müvafiq olur. O, meşədə qeyri-bərabər atışmada ölənləri və yaralananları lentə almaq üçün məscidə və xəstəxanaya yollanır. Bu vaxt isə onun özü artıq axtarışa verilmişdi.

Ümumilikdə isə Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalanlardan 11-i lənkəranlı idi. Onlardan 5-i, Telman Bağırov, Mircamal Əbülfətov, Asif Əsədullayev, Əflatun Kazımov və Azad Mirzəyev yanvarın 19-dan 20-nə keçən gecə Bakı küçələrində şəhid olur. Azadlıq hərəkatının 46 üzvü isə Rusiya həbsxanasına göndərilir. Bu gün həmin hadisələr 11 şəhidin şəhadət günü, milli azadlıq hərəkatının hünər salnaməsi kimi xatırlanır. O günlərin hadisələri hər birimizin yaddaşında kədərli notlar kimi bu gün də səslənir və heç vaxt unudulmayacaq. 30 ildir ki, yerli sakinlər Lənkərandakı Şəhidlər Xiyabanını ziyarət etməklə, Vətən uğrunda şəhid olan həmyerlilərinin xatirəsini əziz tuturlar.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun