Xarici pomidor şitilinin əkini

  • SpaceTV
  • 24 Avqust 2019 12:23

Yüksək məhsul əldə etmək üçün bu il Biləsuvarda ilk dəfə olaraq yeni texnologiyalar əsasında 30 hektar sahədə xarici pomidor şitilinin əkini həyata keçirilib. Bar vermə ərəfəsində olan bitkinin növbəti ay yığımına başlanılacaq.

Aqrar sektorun çoxşaxəliliyinin təmin olunması məqsədilə fermerlərə göstərilən dövlət qayğısı son illər Biləsuvar rayonunda da bu sahənin sürətli inkişafına səbəb olub. Təkcə rayonun Səmədabad kəndində aparılmış yüksək meliorativ və aqrotexniki  tədbirlər nəticəsində indiyə kimi 1000 hektarlarla yararsız qış otlaq sahələri əkin dövriyyəsinə qatılıb.  Tərəvəzçiliyin, eləcə də, qeyri-ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalına nail olunması üçün əraziyə onlarla yerli investor, xarici mütəxəssislər cəlb olunub. Sahibkarlar bu dəfə bölgənin iqliminə və torpaq növünə uyğun olaraq İran, Türkiyə və İtaliyadan gətirdikləri 450 min pomidor şitilini açıq sahəhəyə köçürərək, mütərəqqi metodlarla becərirlər. Xüsusi şəraitdə yetişdirilən pomidor şitillərinin effektiv yolla suvarılması üçün sahələrdə damla üsulu ilə müasir suvarma sistemi quraşdırılıb.

Təsərrüfat sahibinin sözlərinə görə, becərmə dövründə bütün aqrotexniki qaydalara əməl olunarsa, hər hektardan 40-50, hətta 70 sentner məhsul götürmək mümkündür.

Qeyd edək ki, bir aydan sonra sahələrdən pomidor yığımına başlanılacaq.  Məhsulun əksər hissəsinin xarici bazarlara ixrac olunacağı gözlənilir.

Təyyar Nəsirli – Space – Biləsuvar

Paylaş

 Xəbəriniz olsun