Son beş il ərzində “Azərişıq” ASC-nin itkiləri kifayət qədər azalıb

  • Space TV
  • 3 Dekabr 2020 11:25

“Azərişıq” ASC-nin elektrik enerjisi üzrə texniki itkisi 2019-cu ildə isə 9,7 faiz, 2020-ci ildə isə 0,8 faiz azaldılmaqla 8,9 faiz təşkil edib. 

Spacetv.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev qurumun texniki itkiləri ilə bağlı verdiyi məlumatda qeyd edib. 

O bildirib ki, 2015-ci ildə “Azərişıq” ASC yaradılanadək şirkətdə elektrik enerjisi üzrə texniki itki 13,9 faiz, 2016-cı ildə 10 faiz, 2017-ci ildə 9,9 faiz, 2018-ci ildə 9,8 faiz, 2019-cu ildə isə 9,7 faiz, 2020-ci ildə isə 0,8 faiz azaldılmaqla 8,9 faiz təşkil edib.

V.Mustafayevin sözlərinə görə, bu gün də “Azərişıq” ASC texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün zəruri texniki tədbirləri davam etdirir. Bu məqsədlə elektrik şəbəkələrində əsaslı yenidənqurma işləri aparılır, ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, eləcə də uçot sistemi təzələnərək sayğaclar yenilənir.

“2015-2020-ci illər ərzində, ümumilikdə 1 milyon 300 minə yaxın abunəçi yeni sayğaclarla təchiz edilib. Bunun da 1 milyon 157 mini əhali, 142 min 309-u isə qeyri-əhali abonentərinə aid uçot nöqtələri təşkil edib. 2020-ci ilin 10 ayında isə ümumilikdə 196 436 abonent yeni sayğacla təchiz edilib və bunun da 185 543-ü əhali, 10 893-ü isə qeyri-əhali abonentlərinə aiddir. Görülən tədbirlər nəticəsində ümumilikdə “Azərişıq” ASC  üzrə son beş il ərzində texniki itki səviyyəsinin 5 faizədək azalmasına nail olunub” – deyə Vaqif Mustafayev əlavə edib. 

O, qeyd edib ki, “Azərişıq” ASC tərəfindən respublikanın bütün kənd və qəsəbələrində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı genişmiqyaslı işlər həyata keçirilir:

“Son beş ildə 500-dən çox kənd və qəsəbələrdə, cari ilin 10 ayında isə 50-dən çox inzibati ərazi vahidliklərində (0,4 kV-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq, ümumilikdə minlərlə istehlakçının 24 saat ərzində dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı tam təmin olunub”.

Paylaş

 Xəbəriniz olsun