SOCAR ilə İngiltərənin neft-kimya şirkəti arasında əməkdaşlıq gözlənilir

  • Space TV
  • 8 Fevral 2021 16:30

“SOCAR Türkiyə ilə İngiltərənin neft-kimya şirkəti INEOS arasında danışıqlar aparılır”.

Bu barədə “Bloomberg HT”yə müsahibəsində SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiyə Enerji”nin STAR Neft Emalı Zavodunun (NEZ) və “Petkim Petrokimya Holdinq”in baş direktoru Anar Məmmədov məlumat verib.

BP (British Petrol) ilə əməkdaşlıq fonunda SOCAR Türkiyənin operatoru olduğu yeni neft-kimya zavodunun təsisi ilə bağlı layihənin icrasından danışan baş direktor potensial layihədə BP şirkətinin neft-kimya sektorundan çıxmasının növbəti mərhələdə işlərin gedişatına təsirindən danışıb:  

“Bildiyimiz kimi BP şirkəti 2020-ci ildə bütün neft-kimya zavodlarını və təsislərini INEOS-a sataraq tamamilə neft-kimya sənayesindən çıxdı. Bu layihə SOCAR Türkiyənin layihəsidir. Potensial layihədə bizim üçün iş ortağı təbii ki, artıq BP deyil, INEOS ola bilər”.

Onun sözlərinə görə, SOCAR Türkiyə ilə INEOS arasında görüşlər davam edir və mövcud layihə üzrə texniki işlər ilin ikinci yarısı başa çata bilər, bununla da iki şirkətin bir araya gələrək qərar verməsi gözlənilir.

Xatırladaq ki, yeni neft-kimya zavodunun təsisi ilə bağlı ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Anar Məmmədov layihə ilə bağlı texniki işlərin davam etdiyini və bu layihə üzrə axırıncı dəyərləndirmələrin 2021-ci ildə gözlənildiyini deyib.

Qeyd edək ki, BP 2020-ci ilin iyun ayında neft-kimya biznesini 5 milyard dollara iqamətgahı Londonda yerləşən İngiltərənin neft-kimya şirkəti INEOS-a satıb.

Paylaş

 Xəbəriniz olsun