Slovakiyalı futbolçu: “Azərbaycan yığmasına yuxarıdan-aşağı baxmırıq”

  • Space TV
  • 7 Oktyabr 2020 12:01

“Hazırda yalnız Azərbaycanla oyuna köklənmişəm. Bu komanda bizim üçün ciddi rəqibdir. Hələlik Fransa haqqında düşünmürük”.

Spacetv.az-ın məlumatına görə, bunu Slovakiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının üzvü Tomaş Suslov federasiyanın rəsmi saytına açıqlamasında Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan millisi ilə oyunu barədə danışarkən deyib.

Niderlandın “Qroningen” klubunda çıxış edən 18 yaşlı hücumçu meydana qələbə üçün çıxacaqlarını bildirib: “Qalib gəlsək, bu, bizim üçün yaxşı motivasiya olar. Qol vurmaqla komandama kömək etmək istəyirəm. Bu halda Fransaya qarşı da yüksək səviyyədə oynaya bilərəm”.

Yığmanın müdafiəçisi Gergey Tumma da Azərbaycan millisinin zəif rəqib olmadığını etiraf edib: “Bütün fikrimiz bu oyundadır. Rəqibin heyətində səviyyəli futbolçuların olduğunu, onların ikili mübarizələrdə sərt oynadıqlarını və düşünülmüş hücumlar etdiyini qeyd etmək lazımdır. Azərbaycan yığmasına yuxarıdan-aşağı baxmırıq, amma 3 xal qazanmaq istəyirik”.

Qeyd edək ki, oktyabrın 8-də Nitra şəhərində keçiriləcək Slovakiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Paylaş

 Xəbəriniz olsun