Seysmoloji stansiyalar faydalı qazıntıları axtaracaq

  • Space TV
  • 15 Avqust 2020 12:06

Respublika ərazisində aparılan seysmoloji tədqiqatların keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə AMEA-nın  nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən daha 22 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur.

Bu barədə spacetv.az-a mərkəzin baş direktoru  Qurban Yetirmişli məlumat verib. Onun sözlərinə görə, “Qafqazda Seysmik Şəbəkənin Genişləndirilməsi” layihəsi çərçivəsində quraşdırılacaq stansiyalardan 14-ü Xəzər dənizinin Azərbaycan sektoru boyunca sahilyanı quru ərazilərdə, 6-sı isə palçıq vulkanları ətrafında quraşdırılacaq: “Bütün seysmik stansiyalar qrant layihə hesabına alınacaq. Seysmik stansiyaların sayı nə qədər çox olsa yer daxilində gedən prosesləri izləmək, elmi araşdırmalar aparmaq da bir o qədər asan olar. İndiyə qədər 64 seysmik stansiyamız var idi, daha 22-si quraşdırılacaq. Artıq yerlər də seçilib. Seysmik stansiyalar Xızı, Quba, Salyan, Kürdəmir və başqa seçilmiş ərazilərdə yerləşdiriləcək. Qurulan stansiyalar  vulkanların daxilində gedən dinamikanı izləməyə də imkan verəcək”.

Qurban Yetirmişli seysmoloji stansiyaların tikintisinə payız aylarında başlanılacağını bildirib.  O, həmçinin qeyd edib ki, stansiyalardan toplanan məlumatlardan  ümumi olaraq ölkədə seysmik aktivliyi nəzarətdə saxlamaq, yerin dərinlik quruluşunun öyrənilməsi və faydalı qazıntıların axtarışında da istifadə ediləcək.

Əbülfət Baxşəliyev, spacetv.az

Paylaş

 Xəbəriniz olsun