Sevil Əliyeva “Rossiya 1” telekanılında yayımlanan “Privet, Andrey!” verilişinin qonağı olub – VİDEO

  • Space TV
  • 7 Sentyabr 2020 15:17

  Ümummilli Lider Heydər Əliyevin qızı, “Space” telekanalının qurucusu Sevil Əliyeva Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan, məşhur aparıcı Andrey Malaxovun  müəllifi olduğu “Privet, Andrey!” verilişinin qonağı olub. Veriliş Rusiyanın musiqi tarixində öz yeri olan, dillər əzbərinə çevrilmiş minlərlə mahnının müəllifi, şair Mixail Taniçə həsr olunub.  Mixail  Taniçin dul həyat yoldaşı Lidiya Kozlova, şairin sözlərinə yazılmış mahnıların məşhur ifaçıları, Rusiyanın tanınmış müğənniləri Leş Leşenko, Larisa Dolina, Alyona Apina, Lyubov Privinanın iştirak etdiyi verilişdə serb müğənnisi Radmila Karaklaiçin ifasında musiqisi Sevil Əliyeva, sözləri Mixail Taniçə aid “Budu” və Lyubov Privinanin ifasında “Pervaya lyubov” mahnıları səsləndirilib.  Bundan sonra videoəlaqə vasitəsilə efirə qoşulan bəstəkar Sevil Əliyeva uzun illər yaradıcı tərəfdaşı olmuş məşhur şairlə bağlı fikirlərini bölüşüb. Sevil xanım həmişəki kimi çox gözəl və səlis nitqinin hər cümləsində dəyərli, mənalı fikirlər səsləndirib: “Mənim mahnılarımın həmmüəllifi Mixail İsayeviçdir. Onun vəfatından sonra   təəssüf ki, bəstələrim yalnız instrumental musiqiyə çevrildi.  Hətta indiyə qədər heç kəsin eşitmədiyi melodiyalarım da çoxdur.  Mən instrumental albom buraxdım. Təqdimat mərasimində Lidiya Nikolayevna da iştirak etmişdi.  Orada iki disk var. Təbii ki, onlar mahnı şəklində olsaydı çox yaxşı mahnılar olardı. Mən demirəm ki, yaxşı şairlər yoxdur. Təbii ki, var. Amma mənim şairim Mixail İsayeviç Taniçdir”.

Verilişin aparıcısı Andrey Malaxov Sevil Əliyevanı studiyada görməyə şad olacaqlarını, onunla birlikdə bəstəkarın məşhur “Malenkiy korablik” (“Kiçik gəmi”) mahnısını ifa edəcəklərinə ümidvar olduğunu bildirib.

Verlişin məşhur qonaqları da Sevil xanım haqqında yüksək fikirlər səsləndiriblər. Sevil Əliyevanın bir dövlət başçısının, Heydər Əliyev kimi dahi şəxsiyyətin qızı  olmasına baxmayaraq daim sadəliyi ilə seçilməsi və böyük istedada malik olması haqda xoş sözlər söyləyiblər .

Sağlığında məşhur şair Mixail Taniç də Sevil xanımın yaradıcılığına yüksək dəyər verib. Sevil Əliyevanın bəstələdiyi, bu gün də sevilən, dillər əzbəri olan “Pervaya lyubov” mahnısının sözlərini yazan Mixail Taniç bu mahnıyla qürur duyduğunu bildirib.   Görkəmli şairin Sevil Əliyeva haqqında fikirlərini nadir görüntüdə sizə təqdim edirik.

Paylaş

 Xəbəriniz olsun