Seroloji testlər sizin daha öncə koronavirusa yoluxub-yoluxmadığınızı göstərəcək – VİDEO

  • Space TV
  • 13 Avqust 2020 17:08

“Seroloji testlər 18-65 yaş arasında olan insanlar arasında könüllülük prinsipi  ilə aparılacaq”. Bu barədə spacetv.az-a TƏBİB-in mikrobiologiya işçi qrupunun rəhbəri Qumral Ələkbərova məlumat verib. Onun sözlərinə görə,  seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının bir parçasıdır və onların keçirilməsi zəruridir:  “Seroloji testlər Azərbaycanda COVİD-19-a qarşı immunitet yaranmasının öyrənilməsi məqsədi daşıyır. Bu testlər vasitəsilə əhalidə immunitet səviyyəsini müəyyən etmək mümkün olacaq”.

Qumral Ələkbərova bildirib ki, analizlər öncədən seçilmiş insanlardan alınacaq və onların daha öncədən Covid-19-a yoluxub-yoluxmaması müəyyən ediləcək: “Bəzi insanlar bu virusa yoluxsalar da onlar xəstəliyi simptomsuz şəkildə keçirir. Bu testlər nəticəsində isə son 3 ayda virusa yoluxub immunitet qazanan insanların sayı müəyyən ediləcək. Testlər dövlət hesabına keçiriləcəyi üçün ödənişsiz olacaq”.

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev  bu qənaətdədir ki, əslində insanların özləri seroloji analizləri verməkdə maraqlı olmalıdırlar. Çünki bu testlər, adamın  daha  öncə koronavirusa yoluxub-yoluxmadığını göstərəcək. Analizlər öncə Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılacaq. Random şəkildə seçilmiş insanlara zəng ediləcək və onlar razı olduğu təqdirdə  həqiqi yaşadığı ünvana yaxın poliklinikadan həkimlər analiz üçün ünvana gələcəklər. Həkimlər həmin şəxsdən 3-5 milliqram qan alacaq və nəticələr 1-2 gün içində məlum olacaq.

Paylaş

 Xəbəriniz olsun