Senat və Almaniya Bundestaqı Azərbaycan gənclərinə cavab verdi

  • SpaceTV
  • 16 Oktyabr 2020 18:01

Azərbaycan gəncləri müxtəlif dünya ölkələrinin parlament, konqress, senat üzvlərinə, dövlət rəsmilərinə məlumat xarakterli müraciət ünvanlayıblar.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədovanın “Report”a verdiyi məlumata görə, müraciətlərdə Ermənistanın Azərbaycana yönəlmiş işğal, aqressiya, terror siyasəti pislənməklə yanaşı, eyni zamanda, bu siyasət nəticəsində hərbi əməliyyatların getmədiyi Gəncə, Tərtər, Ağdam, Füzuli, Mingəçevir, digər şəhər və rayonlarda yaşayan sivil əhaliyə qarşı törədilən terror aktlarına xüsusi diqqət çəkilib, həyatını itirən, yaralanan, zərər çəkən vətəndaşlar barədə ətraflı bilgi verilib.

İşğalçı dövlətin beynəlxalq hüququn prinsip və normalarını pozması pislənilib. Ən sonda gənclər bu ölkələrin dövlət rəsmilərini BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən Ermənistanın törətdiyi cinayətlərə hüquqi qiymət verməyə çağırıblar.

ABŞ-ın Kaliforniya Ştatının Senatoru Dianne Feinstein, Corciya senatoru Kelly Leoffler, Almaniya Bundestaqından Mahmut Özdemir gənclərə yazdıqları cavab məktublarında bölgədə artan gərginlik və şiddətdən yaranan narahatlıqlarını və Azərbaycanda Ernənistan tərəfindən törədilən terror aktlarından təsirləndiklərini bildiriblər.

Azərbaycanın yanında olduqlarını ifadə edən Senat və Bundestaq üzvləri Ermənistan tərəfindən dinc əhaliyə qarşı hücumların da qəbuledilməz olduğunu vurğulayaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı haqlı mübarizədə Azərbaycanı dəstəklədiklərini bir daha ifadə ediblər.

Paylaş

 Xəbəriniz olsun