Sataşdığı qızla evlənən, repressiyadan qurtulmaq üçün içki içən şair – 125 yaşı olur

  • SpaceTV
  • 18 Fevral 2020 14:01

Bu gün XXI əsrin qəzəl ustadı Əliağa Vahidin anadan olmasından 125 il ötür.

SPACE TV  xəbər verir ki, şairin oğlu Ramiz İsgəndərov atası haqqında belə danışır:

“Əliağa Məmmədqulu oğlu İsgəndərov (Əliağa Vahid) 1894- cü ildə fevralın 18-də Bakıda doğulub. 1965 –ci ildə vəfat edib. 20 yaşından qəzəllər yazmağa başlayıb. 1916- ci ildə “Tamahın nəticəsi” adlı ilk kitabı işıq üzü görüb. “Molla Nəsrəddin”, “Kirpi” jurnallarında satirik şeirləri çap edilib. Ümumiyyətlə sağlığında 13 kitabı işıq üzü görüb.

Vahid ticarətlə də məşğul olub.1919 –cu ildə Məşhədə gedir. Həm ziyarət, həm ticarət. Oradan böyük əmisi Hacı Abbasqulu ilə İran xalıları gətirib, Bakıda satarlarmış.

O dövrün insanları da Vahidin yaradıcılığını dəyərləndiriblər. 1922- ci ildə M.Ə.Sabirin yubileyi olanda atam yarım saat meyxana deyib. Bu, Nəriman Nərimanovun diqqətini çəkib. O zaman ilk dəfə dövlət mükafatı Vahidə verilib. 1943- cü ildə əmədar incəsənət xadimi adına layiq görülüb”.

Atasının repressiyadan qurtulması barədə isə bunları deyir:

“Əliağa Vahid içki içən deyildi. Ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova represiyya ilə bağlı bir siyahı veriblər. Atamın da adı orda olub. Mircəfər Bağırov atamın adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan adamdı. Ondan bizə nə ziyan gələcək.

Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta, bunula bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib.

Vahidin Bağırova yazdığı şeir:

Evimi görsə naxırçı, deyər, samanlıqdır,

Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.

Divarda ağcaqanadlar, yer üstə taxtabiti,

Hücuma bax gecələr, gör nə hökmranlıqdır.

Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,

İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.

Çox ərizə yollamışam Baksovetə, Raysovetə,

Gözləməkdir işim, məsələ dumanlıqdır.

Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,

Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.

52 yaşında Əliağa Vahid anamla tanış olur. Anam atamdan 25 yaş kiçik olub. Buna baxmayaraq onlar, 1948- ci ildə evlənirlər. Ancaq dini kəbinləri olur. Atam anamdan dövlət kəbini kəsdirməyi istəyib. Ancaq anam deyirmiş ki, mən cavana ərə gedəcəm. Ailədə iki uşaq olmuşuq –bacım və mən. Hələ bununla bağlı atamın bir şeiri də var:

Tanrım mənə verdi bir oğul, bir qız

Qızım Firəngizdir, oğlum Ramiz.

Vahid Polina adlı başqa bir rus qızı ilə də evli olub. O, atamın paltaryuyanı olub. Bir gün atamı məst eyləyib, dövlət kəbini kəsdirib.

Onu da deyim ki, Vahid gözəllik, sevgi şairidir. O, həmişə Qubernator bağında (indiki Filarmoniya bağı) gəzəndə əlində ya qızılgül, ya da novruzgülü olarmış. Qızlgül gözəllik, novruzgülü incəlik rəmzidir. Yəqin ki, Vahid də o gözəlliyi, incəliyi xanımlara bənzədirmiş.

Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun,

Bülbül dayanarmı gülünə həsrət olanda?

Əliağa Vahid xalq şairi olmasa da xalqın şairidir. Allahın Azərbaycan xalqına verdiyi bəxşişdir.

Gözəl həyatını, Vahid, fənayə sərf etmə, Səni zəmanə yetirməz dübarə, bir dənəsən”.

Paylaş

 Xəbəriniz olsun