Şantaj qurbanları

  • SpaceTV
  • 30 Sentyabr 2019 17:15

 “Şəkillərini sosial şəbəkədə yayıb şantaj edəcəm”. Bu sözləri deyən şəxslər məlumatları yaymamaları müqabilində pul tələb edirlər. Son illər texnologiyanın inkişafı, bəzi insanlara şantaj  üçün əlverişli imkan yaradıb. Bəzi insanlar istər real münasibət zamanı çəkilmiş, daha çox isə sosial şəbəkədə yaranmış ünsiyyət zamanı onlara göndərilən şəkillərdən bu məqsədlə istifadə edirlər. Şantajı qazanc mənbəyinə çevirən bu şəxslər insanları onların şəkillərini yayacaqları ilə hədələyərək pul tələb edirlər. Məbləğ isə müxtəlif olur. Hətta 100 manat kimi kiçik məbləğ təklif edənlər olur. Belə hadisələr ölkədə kifayət qədər baş verir.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Qanunvericiliyə əsasən, şantaj edərək pul tələb etmə cinayət məsuliyyətinə səbəb olur.

Həmçinin, şəxsə və ya onun yaxınlarına qarşı fiziki zor tətbiq etmək, əmlakı məhv etmək hədəsi ilə pul tələb etmək də cinayət məsuliyyətinə səbəb olur. Bəzi şəxslər isə haqqında söz söhbət yayılmasın deyə şantajın qurbanına çevrilirlər. Hər bir halda bu cinayət əməlidir. Buna görə də qurbana çevrilməmək üçün  vaxtında polisə müraciət etmək lazımdır.

Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən, intim şəkillərlə və sair rüsvayedici məlumatların yayılacağı ilə şantaj edərək pul tələb edən şəxsi 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Əgər bu hərəkətlər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya zor tətbiq etməklə törədildikdə və ya təkrar törədildikdə və ya xeyli miqdarda (3-10 min manat civarında) pul tələb etməklə törədildikdə, təqsirkar şəxsləri 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Şantaj və ya fiziki zor tətbiq etməklə külli miqdarda (10 mindən yuxarı məbləğ) pul tələb edildikdə və bir sıra digər hallarda təqsirli şəxsləri 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Nərgiz Ərəstunqızı Space


Paylaş

 Xəbəriniz olsun