Şamaxıda I Azərbaycan Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib-FOTO

  • SpaceTV
  • 31 Avqust 2019 10:58

Space TV -nin bölgə müxbiri yazır ki, Avqustun 30-da Şamaxı rayonunun Meysəri kəndində I Azərbaycan Üzüm və Şərab Festivalının açılış mərasimi olub.

Festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.

Tədbirdə qonaqları şərabçılıqla bağlı al-əlvan geyimli müxtəlif personajlar qarşılayıblar.

Şamaxıda üzümçülüyün inkişafı, məhsuldarlıq ildən ilə artmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə üzümçülüyün inkişafı yenidən dövlət səviyyəsində dəstəklənir. Hazırda rayonda yeni salınan üzüm bağlarının ərazisi 1,7 min hektara çatır.

Kənd Təsərrüfatı naziri İnam Kərimov çıxış edərək festivalın Şamaxıda keçirilməsinin heç də təsadüfi olmadığını deyib. Nazir qeyd edib ki, Şamaxı Azərbaycanın aparıcı aqrar rayonlarından biri olmaqla yanaşı, həm də ölkə şərabçılığının, üzüm istehsalının paytaxtı kimi tanınır. Bu gün aqrar sektorun inkişafı dövlətin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Bu cür tədbirlərin keçirilməsi aqrar sahəyə göstərilən diqqətdən irəli gəlir. Şamaxı Azərbaycanın üzümçülük sahəsində qədim və zəngin ənənələrə malikdir. Azərbaycanı dünyaya tanıdan üzüm sortları məhz Şamaxıda xalq seleksiya yolu ilə ərsəyə gəlib. Bu tədbirin keçirilməsi təkcə Şamaxı üçün deyil, bütün Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.

Azərbaycanın üzüm istehsalına görə hələ 70-80-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə sovet məkanında birinci və aparıcı respublikalardan biri olduğunu xatırladan nazir deyib: “Azərbaycanın üzüm sortları – Ağ şanı, Qara şanı, Mədrəsə, Meysəri, Təbrizi və digərləri ölkəmizi nəinki sovet məkanında, bütün dünyada şərabçılıq və üzümçülük ölkəsi kimi məşhurlaşdırmışdı. Ancaq təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində bu sahə tənəzzülə uğradı. Hazırda bu gün Azərbaycanda üzümçülük yenidən öz inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafı ilə bağlı mühüm qərarlar, dövlət proqramları qəbul edilib. Aqrar sahənin digər istiqamətləri kimi, şərabçılığa da dövlət dəstəyi göstərilir, subsidiyalar, güzəştli kreditlər verilir. Hesab edirik ki, Azərbaycan bu sahədə ənənələrini qısa müddət ərzində bərpa edəcək və öz şöhrətini dünyaya bir daha tanıdacaq. Əlbəttə, bu cür tədbirlərin keçirilməsi şərabçılıq və üzümçülük sahəsinin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Fürsətdən istifadə edərək buna görə Heydər Əliyev Fonduna, Şamaxı Rayon İcra Hakimiyyətinə, “Regional İnkişaf” İctimai Birliyinə, Dövlət Turizm Agentliyinə və Azərbaycan Milli Xalça Muzeyinə – əməyi keçən bütün təşkilatlara minnətdarlığımı bildirirəm”.

Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov çıxışına italyan mütəxəssis Pizzi Angelo Antoniodan sitat gətirməklə başlayıb: “Hazırda bütün dünya qəbul edir ki, üzümçülüyün və şərabçılığın vətəni Cənubi Qafqaz, o cümlədən Azərbaycandır. Yəni, biz, üzümün vətənindəyik”. O, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası adından Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya belə bir bayrama görə təşəkkürünü bildirərək deyib: “İnanıram ki, bu festival ənənəvi hal alacaq və ilbəil öz əhatə dairəsini daha da genişləndirəcək. Mən festival iştirakçılarına bu iki gün ərzində xoş istirahət və əyləncələr arzu edirəm”.

Festivalın açılış mərasimindən sonra təşkil olunan konsertdə tanınmış müğənnilərin, rəqs qruplarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. “Natiq” ritm qrupu, “Mirvari” rəqs qrupu, Xalq artistləri Aygün Kazımova və Samir Cəfərovun ifalarında festival üçün hazırlanmış repertuar təqdim olunub.

Sonra şərab sərgisi açılıb. Şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib, məhsullarının dequstasiyasını keçiriblər. Şərab istehsalçılarının paradı təşkil olunub. Ərazidə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yarmarkası da təşkil edilib.

Festival çərçivəsində iştirakçılar və şərab istehsalçıları üçün oyun və viktorinalar keçirilir, qaliblərə hədiyyələr təqdim olunur.

Festival avqustun 31-də də davam edəcək.

Paylaş

 Xəbəriniz olsun