Salyanda ağır yol qəzası baş verib

  • Space TV
  • 23 Dekabr 2019 14:40

Ötən gün axşam saatlarında Ələt-Astara magistralından Salyan-Şirvan avtomobil yoluna dönən hissəsində rayonun Noxudlu kəndi ərazisində əslən Salyandan olan Bakı şəhər sakini, 37 yaşlı Təranə Hacıyeva idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə hərəkətdə olarkən anidən təkər partlayıb. Nəticədə idarəetməni itirən avtomobil yolun kənarına aşıb. Hadisə zamanı bir ailənin 5 üzvü-Təranə Hacıyeva, onun övladları, 12 yaşlı Şükriyyə, 8 yaşlı Ələsgər Hacıyevlər, Salyan şəhər sakinləri, 47 yaşlı Həsən Məmmədov və onun həyat yoldaşı, 47 yaşlı Zemfira Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlərin səyinə baxmayaraq Təranə Hacıyeva və Zemfira Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.

 Bir neçə saatdan sonra reanimasiya şöbəsində yerləşdirilən sürücü Təranə Hacıyevanın oğlu Ələsgər Hacıyev də xəstəxanada dünyasını dəyişib. Şükriyyə Hacıyevanın vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun