Sakinlərin ev problemi həll olunacaqmı?

  • Space TV
  • 17 Sentyabr 2020 13:39

Paytaxt Bakının demək olar ki, bütün rayonlarında artıq illərdir ki, qəzalı vəziyyətdə olan köhnə tikililər və evlər sökülərək yerində hündürmərtəbəli binalar tikilir. Space TV xəbər verir ki, ölkə başçısının tapşırığına əsasən həmin qəzalı vəziyyətdə olan evlərdə yaşayan sakinlər müvəqqəti evlərə təmin olunsa da sonradan köçürülən ailələr həmin  binalarda yeni mənzillə  təmin olunur. Elə qaynar xəttimizə gələn zəng əsasında əməkdaşlarımız bir neçə ailənin qeydiyyatda olduğu mənzildən köçürülməsindən sonra yaranan problemi araşdırıblar.

Ağdam və Zəngilanın işğalından sonra doğma ev-eşiklərindən didərgin düşən bu ailələr paytaxt Bakının Nəsimi rayonu Ruhulla Axundov küçəsi-9 ünvanında yerləşən mənzillərdə məskunlaşıblar. 24 il bu ünvanda yaşayan sakinlərin qeydiyyatda olduğu evlər qəzalı vəziyyətə düşdüyü  üçün 2017-ci ildə həmin mənzillər sökülərək yerində pilot lahiyənin icrasına başlanılıb.

Həmin ünvanda yaşayan 120 ailə ilə yanaşı bu 4 ailə də pulları ödənilməklə kirayə mənzillə təmin ediliblər. Pilot lahiyə əsasında inşa olunan hündürmərtəbəli binanın sakinlərə vəd verilən vaxta başa çatmaması səbəbindən indi sakinlər sözügedən tikinti şirkətindən şikayətçidilər

Tikinti şirkətinin nümayəndəsi  Kənan Dəmirov isə həmin ünvanda qeydiyyatda  olan bir neçə ailənin  mənzillə təmin olunmasının gecikmə  səbəbini lahiyənin müəyyən vaxt ərzində tikintisinin dayandırılması ilə izah etdi

Nəsimi rayon icra hakimiyyətindən həmin ünvanda yaşayan məcburi köçkünlərin şikayəti ilə bağlı bildirildi ki, pilot lahiyəni icra edən tikinti şirkəti ilə danışıqlar aparılıb və digər sakinlər kimi həmin ailələrin də mənzillə təmin olunması yaxın vaxtlarda öz həllini tapacaq

İndi bu sakinlərə  bir az da səbr edib gözləmək qalır. Çünki həm tikinti şirkəti, həm də Nəsimi rayon icra hakimiyətinin səlahiyyətli nümayəndələri məsələnin yaxın vaxtlarda həll olunacağını bildirdilər.

Paylaş

 Xəbəriniz olsun