Sahibə Qafarova İran səfiri ilə müzakirələrdə

  • Space TV
  • 2 Fevral 2021 17:08

Fevralın 2-də Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Parlamentin sədri bildirib ki, Azərbaycan və İran iki dost və mehriban qonşu ölkələrdir.

“Bizi bir-birimizə bağlayan tarixi, mədəni və mənəvi dəyərlər münasibətlərimizin qarşılıqlı anlaşma şəraitində inkişafı üçün yaxşı zəmin yaradır. İkitərəfli əlaqələrimizin dərinləşməsində dövlət başçılarının rolu və siyasi iradəsi mühüm rol oynayır. Bu baxımdan, yüksək səviyyəli görüşlər, hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri, aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər böyük əhəmiyyət daşıyır”,-deyə S.Qafarova əlavə edib.

Spiker qeyd edib ki, Azərbaycanla İran arasında yüksək səviyyəli siyasi dialoq iqtisadi münasibətlərimizə də müsbət təsir edir:

“Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi günbəgün artır. Biz belə hesab edirik ki, mövcud potensial bu sahədə daha yüksək göstəricilər əldə etməyə imkan yaradır”.

Səfir Seyid Abbas Musəvi ölkəsinin dost və qardaş Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərdiyini ifadə edib. Bildirilib ki, İran ölkəmizin apardığı Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, haqqın və ədalətin tərəfində olub. Səfir 44 günlük hərbi əməliyyatlar zamanı qazanılmış zəfərə görə xalqımızı və Milli Məclisin sədrini təbrik edib.

“Heç də təsadüfi deyil ki, əməkdaşlığımız artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Münasibətlərimizin bu səviyyəyə çatmasına parlamentlərimiz də öz layiqli töhfəsini verməkdədir. Deputatlarımız arasında keçirilən görüşlər tərəflər arasında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir”,-deyə səfir söyləyib.

Qeyd edib ki, İran gələcəkdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini intensivləşdirmək, əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir.

Paylaş

 Xəbəriniz olsun