“Şahdəniz” qaz-kondensat yatağından indiyədək 112 milyard kubmetrdən çox təbii qaz çıxarılıb

  • SpaceTV
  • 25 Yanvar 2020 14:18

SOCAR-ın cari ildə “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələri üzrə dividendləri 75,6 milyon dollarla 195,2 milyon dollar arasında dəyişə bilər.

SPACE TV xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə Rəyində deyilir.

Bildirilir ki, 2020-ci ildə SOCAR-ın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi və Cənubi Qafqaz Boru Kəməri layihələri üzrə təbii qazın ixracından əldə edəcəyi dividendlər neftin qiymətindən asılı olaraq 75,6 milyon dollarla 195,2 milyon dollar arasında dəyişə bilər.

Belə ki, neftin bir barreli 40 dollara başa gəldikdə SOCAR-ın “Şahdəniz” üzrə dividendləri 28,3 milyon dollar, 50 dollar/barrel olduqda 88,1 milyon dollar, 60 dollar/barrel təşkil etdikdə 147,9 milyon dollar ola bilər

. Neftin qiymətindən asılı olmayaraq şirkətin CQBK üzrə dividendləri 47,3 milyon dollar təşkil edəcək. Beləliklə də, neftin bir barrelinin qiyməti 40 dollar olduqda SOCAR-ın hər iki layihə üzrə ümumi dividendləri 75,69 milyon dollar, 50 dollar/barrel olan zaman 135,4 milyon dollar, 60 dollar/barrel təşkil etdikdə isə 195,2 milyon dollar ola bilər.

Eyni zamanda, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu (ARDNF) və Dövlət Neft Şirkəti arasında imzalanmış Razılaşma Protokoluna uyğun olaraq məbləğindən asılı olmayaraq SOCAR bu vəsaitin 55 faizini ARDNF-ə köçürəcək.

Belə ki, neftin bir barrelinin qiyməti 40 dollar olan zaman Dövlət Neft Fonduna ödəmələr 41,6 milyon dollar, 50 dollar/barrel təşkil etdikdə 74,5 milyon dollar, 60 dollar/barrel olduqda isə 107,3 milyon dollar təşkil edəcək.

Qeyd edək ki, “Şahdəniz” qaz-kondensat yatağından indiyədək 112 milyard kubmetrdən çox təbii qaz çıxarılıb. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetrdir.

“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).

Cənubi Qafqaz Boru Kəməri isə 2006-cı ilin sonlarında istismara verilib, hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” təbii qazını çatdırır. Genişləndirilmiş boru kəməri (CQBKG) isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyununda başlayıb.

CQBK və CQBKG-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzSCP” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).

Paylaş

 Xəbəriniz olsun