Sağ vətəndaşlara ölüm şəhadətnaməsi verilib

  • SpaceTV
  • 19 Sentyabr 2020 13:35

Türkan qəsəbə sakinlərini ölü kimi qeydiyyata alaraq torpaq sahələrini mənimsəyiblər. Space TV-nin məlumatına görə, qəsəbənin yaşlı sakinləri Xumara Şabanova və Əzizə Atayeva  deyir,  özlərinin də xəbəri olmadan onlara məxsus torpaq sahələri saxta sənədlə satılıb, bu azmış kimi sağ olduqları halda onların ölüm şəhadətnamələri hazırlanıb. Xəzər rayonu Türkan qəsəbə sakinləri olan  hər iki xanım başlarına gələn bu xoşagəlməz hadisədən illər sonra xəbər tutublar.

Ailə başçılarını  itirən  hər iki qadın deyir ki, ölüm xəbərlərini onlara elə öz övladları veriblər. Zərərçəkənlərin iddiasına görə torpaqlarının satılması və ölüm haqqında şəhadətnamələrinin hazırlanmasında kənd ağsaqqalı olan Daşqın adlı şəxsə Türkan qəsəbəsi üzrə ərazi nümayəndəsi Rahil Babayev kömək edib.

Əzizə Atayeva deyir ki, həmin şəxslər onun xəstə oğlunu aldadaraq rayon  ərazisindəki notarius xidmətlərindən birinə aparıblar, hətta ona  iş vəd verərək bütün sənədləri saxtalaşdıraraq alqı – satqı ediblər. 

Adı  dələduzluqda  hallanan Rahil Babayevin  rəhbərlik etdiyi  qəsəbə nümayəndəliyinə üz tutduq. İş günü olmasına baxmayaraq ərazi nümayəndəliyinin inzibatı binasının giriş qapısı bağlı olduğundan Rahil Babayevin  bu mövzu ilə bağlı mövqeyini öyrənə bilmədik.

Xəzər rayon icra hakimiyyətindən isə bildirildi ki, sözügedən məsələ ilə bağlı hazırda rayon prokurorluğunda cinayət işi açılıb və araşdırma aparılır. Artıq qəsəbə nümayəndəsi Rahil Babayev də daxil olmaqla cinayət işində adı hallanan digər şəxslər – Türkan qəsəbəsi sakini, fərdi şəkildə torpaq alqı-satqısı ilə məşğul olan Daşqın Nəsirov və qəsəbə sakini Çingiz Səfərov tutularaq istintaqa təhvil veriliblər.

Sonda  onu da  qeyd  edək ki, cinayət işində adı hallanan Daşqın Nəsirov ölkənin tanınmış sənət adamlarından biri olan xalq artisiti,  keçmiş millət vəkilinin bacısı oğludur.

Paylaş

 Xəbəriniz olsun