Sabah aşuradır

  • SpaceTV
  • 9 Sentyabr 2019 17:31

Sabah məhərrəm ayinin 10-cu günü – aşura günüdür.   

Aşura ərəb dilində onuncu gün deməkdir. Bu il də Aşura günü əvvəlki illərdə olduğu kimi xurafatdan uzaq, bu ruhani məktəbə layiq şəkildə baş tutacaq.

İmam Hüseyn əleyhissəlam və ona sadiq olan 72 nəfərin şəhid olması səbəbindən bu gün tarixə matəm günü kimi daxil olub. Bu gündə bir insanın həyatını qurtarmaq üçün qanvermə aksiyalarında iştirak etmək çox önəmlidir. Verdiyimiz hər qan damlasıtanımadığımız bir insanın həyatını xilas edir.

Aşura gününü mütləq məsciddə keçirmək lazım deyil, insan öz evində də bu günü qeyd edə bilər.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.

Bu arada onu da qeyd edək ki, Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq. Bakı Şəhər Baş Polis İdarəsindən daxil olan məlumata görə, Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq.

Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.

Nərgiz Ərəstunqızı Space

Paylaş

 Xəbəriniz olsun