Şəmkir polisi küllü miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb

  • SpaceTV
  • 23 May 2020 15:32

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Möhsün  Hacıkişiyev və əvvəllər məhkum olunmuş Zakir Əmiraslanov saxlanılaraq polis şöbəsinə gətirilib. Baxış keçirilən zaman Hacıkişiyevin üzərindən 2 ədəd kağız bükümdə çəkisi 1.164 qram “heroin”,  Z. Əmiraslanovun  üzərindən isə 1 ədəd sellofan bükümdə 0.478 qram “heroin” aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni saxlanılan şəxslərə satmaqda şübhəli bilinən Şəmkirin Şiştəpə kənd sakini əvvəllər məhkumluq həyatı yaşayan Ramiz Əliyev də yaxalanıb.

İlkin dindirilmə zamanı Ramiz Əliyev narkotik vasitələri satış məqsədi ilə İmişli sakinindən aldığını bildirib. Qazanc yolunu narkotik satmaqda tapan şəxsin növbəti cəhdi uğursuz alınıb.

Şəmkir və İmişli rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik alqı-satqısı ilə məşğul olan şəbəkənin digər üzvü İlham Qəhrəmanov da saxlanılaraq İmişli rayon Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman çəkisi 17 qram olan “heroin” tapılıb.  

Hazırda cinayətkar şəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Vasif Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun