Space.TV-Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Vətənin müqəddəsliyi öz millətini, yurdunu, elini, obasını sevən hər bir insan üçün əsas amal və arzudur. Məhz elə vətəni sevən oğullar onun ərazi bütövlüyü uğrunda canından keçir, qəhrəmanlıq göstərir, şəhidlik zirvəsinə ucalır. Ötən gün Ağsuda şəhid Rüfət Fətəlizadənin anım günü keçirilib.
Rüfət Fətəlizadə 1995-ci il fevralın 17-də Ağsu rayonunun Padar kəndində anadan olub. Uşaq yaşlarından boks ilə məşğul olub və yaşadığı Rusiyada keçirilən yarışlarda dəfələrlə qalib gələrək Azərbaycan bayrağını yüksəklərə qaldırıb. O, 2014-cü ilin yanvar ayından vətənin müdafiəsinə yollanıb. Rüfət 8 ay ön cəbhədə xidmət göstərib. 2014-ci avqustun 9-da cəbhənin Tovuz rayonu istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Düşmənin həmləsini dəf edərkən qəhrəmancasına şəhid olan əsgər Rüfət Fətəlizadə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.
Şəhidin böyüyüb boya başa çatdığı Padar kəndində onun şərəfinə bulaq inşa olunub və onun yaşadığı evdə şəhidin ev muzeyi yaradılaraq ziyarətçilərin istifadəsinə verilib.
Vahid Fəxri – Ağsu