Şəhidin xatirəsi anılıb

  • SpaceTV
  • 18 Oktyabr 2019 13:29

Ağsuda şəhid pilot palkovnik-leytenant Məmmədli Famil Elman oğlunun anım günü keçirilib. Şəhidin ailə üzvləri, hərbçi yoldaşları, 3 saylı məktəbin müəllim və şagirdləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri bir araya gəlib. Dövlət himni səsləndikdən sonra torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən vətən oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhid pilotumuzun vətənə , dövlətə, elə-obaya bağlı cəsur vətən oğlu olduğu dilə gətirilib. Tədbirdə şəhidin həyatını əks etdirən qısametrajlı film nümayiş etdirilib. Şagirdlərin ifasında müxtəlif şeirlər və kompazisiyalar göstərilib. Şəhidin atası Elman Məmmədov deyir ki, Famil həmişə övladlarının arasında vətənpərvərliyi və cəsurluğu ilə fərqlənib. O bildirib ki, şəhidin uşaqlıqdan ən böyük arzusu general olmaq idi və bu yolla da irəliləyirdi.

FAMİL ELMAN  OĞLU  MƏMMƏDLİ – bu ad təkcə şəhidin doğulduğu Abasxanlı kəndində, Ağsu rayonunda deyil,  bütün Azərbaycanda qəhrəmanlıq simvolu, igidlik rəmzi kimi səslənir. F.Məmmədli 1974- cü il 15 oktyabrda Ağsu rayonunun Abasxanlı kəndində anadan olub. 1992- ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək, Ali Hərbi Məktəbə daxil olub. Elə həmin ildə Famil yüzlərlə kursantın arasından seçilərək, qardaş Türkiyəyə göndərilir. 1996 – cı ildə İstanbul Hərbi Hava Qüvvələri Məktəbini əla qiymətlərlə bitirən qəhrəmanımız vətənə dönür. Gənc hərbçi Kürdəmir rayonunda yerləşən “ N “saylı hərbi hissədə xidmətə davam edir və qərargah rəisi vəzifəsinə qədər ucalır. Famil Məmmədli hərbi peşəkarlığı ilə yanaşı, yüksək intellektə malık bir ziyalı idi, ingilis, rus və türk dillərində sərbəst danışa bilirdi. Bir sözlə, Allah Famildən heç nəyi əsirgəməmişdi.Uca boy, gözəl qamət, dərin bilik, xoş xasiyyət… Tanrının qəhramanımızdan əsirgədiyi tək şey uzun ömür oldu. Bu qısa, lakin fərəhli ömür şəhidlik kimi bir zirvə ilə tamamlandı. 2010-cu il mart ayının 3-də, saat 16:42 radələrində Tovuz rayonu ərazisində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “ SU -25” Hərbi təyyarəsi qəzaya uğradı. Qəza  nəticəsində HHQ-nın təcrübəli pilotü polkovnik-leytenant Famil Məmmədli döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak oldu. Allah rəhmət eləsin.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun