Şəhid Əlövsət Vəliyevin xatirəsi anılıb

  • SpaceTV
  • 6 Noyabr 2019 17:47

Torpaq,  uğrunda ölən varsa  Vətəndir deyiblər. Elə Əlövsət Vəliyev də hələ gənc yaşlarındaykən bu sözləri demişdi. “Mən bu gün adi bir tələbəyəm. Ancaq lazım gələrsə sabah vətən uğrunda  canımdan  keçməyə  hazıram”. Dedi və etdi də. O, 1-ci Qarabağ  müharibəsində  könüllü  olaraq müharibəyə yollanaraq vətən uğrunda canından keçib Şəhidlik zirvəsinə yüksəldi.

Ukraynada  hərbi xidmətini tank qvardiyasında  başa vuran Əlövsət vətənə qayıtdıqdan  sonra ali məktəbə  daxil olur.Ancaq  düşmənin torpaq  iddiası ilə çıxış etməsi   və  bundan sonra ard -arda bir neçə rayonumuzun  ermənilər tərəfindən işgal edilməsinə dözə bilməyən  24 yaşlı  Əlövsət  vətənin müdafiəsi üçün təhsilini yarımçıq qoyaraq  Qubadlı ,Laçın ,Cəbrayıl,Zəngilan rayonlarının  müdafiəsinə yollanmağı özünə borc bildi.

Qubadlı rayonu ağır günlərini yaşadığı dövrdə  Əlövsət Vəliyevin tankçıları  gecə – gündüz ara vermədən döyüşlər  aparır, düşmən hücumlarının qarşısını almağa çalışırdılar. Bu döyüşlər zamanı leytenant cəsur  tankçı  Əlövsət Vəliyev misilsiz qəhrəmanlıqlar göstərir. Düşmənin bir neçə texnikasını məhv edən bu qəhrəman  mərmi bitdikdən sonra öz  tankını tərk etmir. Tankı erməni quldurlarının üzərinə yönəldir, son məqamda o, öz tankını düşmən tankına çırparaq hər iki texnikanı hərəkətsiz hala salaraq qəhrəmanlıqla həlak olur.Şəhid Əlövsət Vəliyevin yadigarı bir oğul övladı var

Əlövsət Vəliyevin  xatirəsi məzunu olduğu Qubadlı rayon Çaytumas kənd məktəb-liseyində   yad edilib. Anım tədbirində şəhid ailələrinin üzvləri, şəhidin döyüş yoldaşları və müəllimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, hazırda Suraxanı rayon 70 saylı uşaq bağçası şəhidin adını daşıyır və  onun xatirəsi “Əfsanəvi Tankçı” adlı kitab da əbədiləşib.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun