Şəhərsalma prosesləri genişlənir

  • SpaceTV
  • 28 Oktyabr 2019 17:35

Uzun illər öz sahilindən çıxaraq daşan Kür tuqay meşələrinin qurumasına səbəb olub. Yaşıllıq massivlərinin yox olma təhlükəsi ciddi narahatlıq doğurur. Bu səbəbdən də  tuqaylıq xarakterini itirən Kür qırağı sahil meşələrinin bərpası üçün dövlət başçısı xüsusi tapşırıqlar verib. Son 3 ildə  tədricən seyrələrək  açıq talalara çevrilən Tuqay meşələrinin bərpası üçün 765 hektar meşə sahəsinin xarakterinə uyğun meşə ağacları və meyvə ağacları əkilib. Ən əsası isə meşə  ərazisində tink  təsərrüfatları yaradılıb.

Uzun illər 3-5 kilometr enində mövcud olan Tuqay meşələrinin əsas cins tərkibi söyüd, ağ yarpaq qovaq, qara ağac, tut, uzunsaplaq palıd, gürcü palıdı, saqqız ağacı, kollardan isə yemişan, murdarça, yulğun, cır nar, böyürtkən, qaratikan, qızılca və s. ibarət olub. Tuqay meşələrinin seyrəlməsi və azalması ərazidə iqlim dəyişkənliyinədə səbəb olub. Tədqiqatlardan da  məlumdur ki, Kür qırağı tuqay meşələri son 50 ildə cins tərkibini azaltmaqla yanaşı, əraziləri boş talalara çevrilməklə Kür çayının sahillərinə daha çox yaxınlaşıb. Bunun da nəticəsində Kür-Araz ovalığında səhralaşma prosesləri genişlənməyə başlayıb və bu gün də sürətlə artmaqdadır. Odur ki,  meşəçilik təsərrüfatı səhralaşmanın qarşısını almaq məqsədilə iqlimə uyğun meşə ağaclarının əkilməsi ilə yanaşı meşə təsərrüfatının ərazisində meyvə bağları salınır.  

Hazırda Ağcabədi regional meşəçilik təsərrüfatının tabeçiliyində 16293 hektar meşə zolağı var. Müəssisə bu günədək 765 hektar ərazidə yenidən  yaşıllaşdırma işləri aparıb. Lakin hələ də bu ərazilərin genişləndirilməsinə ehtiyac var. Bunun üçün 47 hektar ərazidə tinklik yetişdirilir.   Baş meşəbəyinin sözlərinə görə meşələrdə ağacların qurumasına təkcə kür çayı səbəb deyil. Qrunt sularının qalxması da ağacların qurumasına səbəb olur. Bu isə ən çox özünü Beyləqan rayonu ərazisində göstərir.

qeyd edək ki, meşə massivindəki, ağacların kəsilməsinə səbəb bir tərəfdən də Birinci Qarabağ müharibəsi zamanı məcburi köçkünlərin və hərbçilərin ağacdan istilik kimi istifadə etməsi olub. Mərkəzdən bildirildi ki, hələ də meşə təsərrüfatının ərazisində 75 məcburi köçkün ailəsi yaşayır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun