Səfərbərlik

  • SpaceTV
  • 18 Oktyabr 2019 19:35

Mərasim iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Azərbaycanın dövlət müstəqilliyi gününə həsr olunmuş tədbirin əhəmiyyətindən danışıb. Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində hələlik diplomatik vasitələrə üstünlük verildiyini nəzərə çatdıran general-mayor Mayıl Şahverdiyev Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı hər an hərbi yolla azad etmək gücündə olduğunu vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq tədbirlərdə işğalçı ölkəyə vurduğu diplomatik zərbələri,  “Qarabağ Azərbaycandır və nida” fikrinin xüsusi əhəmiyyətini qeyd edib. Bildirib ki, bu gün hər bir Azərbaycan hərbçisi Ali Baş Komandanın döyüş əmrini gözləyir. Ermənistan işğal etdiyi torpaqlardan dinc yolla çıxmayacağı halda, əlbəttə ki, son sözü Azərbaycan əsgəri deyəcək.

 General-mayor onu da qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınması prosesi davam edir. Salyan rayonundan olan çağırışçılar da mütəşəkkil qaydada müddətli həqiqi hərbi xidmətə yola düşürlər. Bu gün tədbirdə iştirak edən üçəm qardaşlar-Kainat, Ramin, Ramil Əliqilər də buradan birbaşa vətənə xidmətə yollanırlar. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi vətənpərvərlik təbliğatı sahəsində mühüm işlərin görüldüyünü, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinin böyük əhəmiyyət daşıdığını ifadə edib. Tədbirdə 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə Salyan rayon məktəbliləri arasında “Vətənin müdafiəsinə hazıram!” adı altında keçirilmiş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.. Qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edilib. Sonda məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları dolğun ədəbi-bədii proqram, Salyan rayon özfəaliyyət kollektivinin və hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının çıxışları təqdim olunub.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun