Rüşvətə görə həbs edilən TSEK sədri barədə qərar verildi

  • Space TV
  • 29 Dekabr 2020 11:13

Bakı Apellyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Məmmədov Oruc Nüsrət oğlunun şikayətinə baxılıb.

Spacetv.az xəbər verir ki, hakim Həsən Əhmədovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib, O.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməyib.

Qeyd edək ki, O.Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilir.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Məmmədov Oruc Nüsrət oğlunun əlillik əlamətləri olan xəstəyə əlillik dərəcəsinin müəyyən edilməsi üçün zəruri olan tibbi müayinə aktının tərtib olunaraq müvafiq elektron sistemə göndərilməsi müqabilində vətəndaşdan Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində baş mütəxəssis vəzifəsində işləyən Cabbarova Münəvvər Cəlil qızı vasitəsilə 7 oktyabr 2020-ci il tarixdə sözügedən Komissiyanın fəaliyyət göstərdiyi inzibati binadakı xidməti otağında 2 min manat, 9 dekabr 2020-ci il tarixdə isə şəxsən qeyd olunan inzibati binanın yaxınlığında 500 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına və digər qanunsuz hərəkətlərinə əsaslı şübhələr yaranıb.

Dekabrın 17-də O.Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilib.

Paylaş

 Xəbəriniz olsun