Rüstəmovun 37 mərtəbəli arzusu… – VİDEO

  • Space TV
  • 18 Yanvar 2021 16:47

Ötən ilin sonlarında məlum oldu ki, bu qədər gərginliyin içində, sən demə, Mərkəzi Bankın rəhbərliyi, düz 1 ilə yaxındır, yeni inzibati binanın inşası üzərində baş sındırır. Space TV xəbər verir ki, hələ 2020-ci ilin fevralında, Mərkəzi Bankın elan etdiyi sorğuya, düz 9 aydan sonra Tender Komissiyası yekun vurdu. Nəticədə, Türkiyə şirkəti qalib elan olundu. Çox keçmədi ki, qalib şirkət layihəni və xərclənəcək məbləği də açıqladı. Bax, bu zaman, Tender Komissiyasını 9 ay düşünməyə vadar edən əsl səbəblər ortaya çıxdı. Ortaya çıxan həm də, cənab Elman Rüstəmovun makro iqtisadi xəyalları oldu. Cənabın öz dili ilə desək, bəzən büdcə kəsirinin maliyyələşdirilməsi ilə bağlı dayanıqlılığın itirilməsi problemi ilə qarşılaşırıq. Bütövlükdə, qeyri-müəyyənliklər, görəcəyimiz bərpa işləri ortamüddətli dövrə hesablanır və bu, bizim ortamüddətli proqramımıza ciddi təsir göstərəcək. İndiki reallıqlar, xüsusilə neft reallıqları, bir idən artıqdır ki, pandemiyalı mübarizəmiz və nəhayət, Vətən müharibəsinə sərf olunan böyük vəsaitin fonunda, belə bir məsrəfə nə ehtiyac var idi deyə, sosial şəbəkələrdə suallar ünvanlanır. Əslində, əvvəlki dövr olsaydı, istənilən adama çox rahatlıqla demək olardı ki, o pul sənin, saçının bir telinə qurban… 

Mövzuya başlamazdan öncə 2020-ci ilin 29 fevralına geri qayıdaq. Hər şey “Azərbaycan” qəzetində, küncdə, gözdən uzaq bir yerdə çap edilən tender sorğusu ilə başladı. Azərbaycan Mərkəzi Bankı yeni inzibati binanın tikintisi ilə bağlı tender elan etdi. Bu məsələ qısa müddətdə müzakirə edilsə də sonradan unuduldu. Bu il dekabrın 25-də Tender Komissiyasının saytında bir bildiriş peyda oldu. Məlum oldu ki, çox düşünüb-daşındıqdan sonra komissiya sorğunun icrasına qərar verib və qalib Türkiyənin “Tekfen Holding” şirkəti müəyyən edilib. Bir neçə gün sonra Tekfen şirkəti də Azərbaycan Mərkəzi Bankı üçün yeni inzibati binanın tikintisi tenderinin qalibi olduğunu və bu layihəyə 218 milyon avro xərclənəcəyini açıqladı. Təbii ki, inzibati binanın inşası üçün xərclənəcək bu məbləğ ictimaiyyət arasında normal qarşılanmadı. Millət vəkili Fəzail Ağamalı düşünür ki, bu əsası olmayan bir yanaşmadır: “Nəzərə alsaq ki, bu tenderin 450 milyon manata yaxın qiyməti var. 450 milyon manatı ehtiyac olmadan Mərkəzi Banka yeni ofisin tikilməsinə sərf etmək çox böyük israfçılıqdır. Buna heç bir zərurət yoxdur. Mərkəzi Bank onsuz da Azərbaycan cəmiyyətində özünün nüfuzunu heçə endirib”.

Ağ Partiyanın sədri Tural Abbaslı da bu qənaətdədir ki, heç bir gəlir gətirməyən inzibati binaya yarım milyard manat vəsait sərf etmək talançılıqdır:   “Bu pensiyaçılarımızın neçə aylıq pensiyası deməkdir, benzinin, dizelin qiymətinin artımından bir ildə əldə olunacaq gəlir o qədərdir. Bu qədər dəhşətli, fantastik rəqəmləri sən inzibati binaya necə sərf edə bilərsən?! Məsələn, zavod tikə bilərsən, fabrik tikə bilərsən, oturduğun binaya, kabinetinə 218 milyon avro, 430 milyon pul vermək talançılıqdır”.

Mütəxəssislər həm pandemiyanın iqtisadiyyatımıza vurduğu zərərlərin aradan qaldırılması, həm də işğaldan azad olunan ərazilərimizin bərpası üçün hazırda Azərbaycanda hər manatın dəyərli olduğunu bildirirlər. Qeyd edilir ki, həmin vəsaitlə azad edilən bir neçə şəhərimizi tamamilə bərpa etmək mümkündür.Millət vəkili Fəzail Ağamalı bu qənaətdədir:450 milyona Elman Rüstəmovun doğma rayonu olan Cəbrayıl şəhərini və eyni zamandan Füzuli şəhərini tamamilə abadlaşdırıb, orada 8 minə yaxın əhalini yüksək səviyyəli evlə təmin etmək olar. Eyni zamanda həmin şəhərlərdə çoxsaylı məktəblə, sosial obyektləri, uşaq baxçalarını tikdirib başa çatdırmaq mümkündür.  Beləliklə, düşünürəm ki,  həmin 450 milyon mən rayonlarımızın bərpasına yönəldilməlidir”.

Ağ Partiyanın sədri Tural Abbaslı binanın tikintisi üçün ayrılan vəsaitin kredit şəklində sahibkarlara verilməsini daha məqsədəuyğun sayır: “Sən Mərkəzi Banksansa, o pulu kredit şəklində kiçik və orta sahibkarlara ver. Banklara kredit ver. Yoxsa, bunu daşa-divara vurmaqla bir mənfəət əldə edə bilməzsən. Çaykovski Rumıniyada saraylar tikib. Hələ də rumınlar bilmir ki, bu sarayları neyləsinlər. Bir işə də yaramır. Dünyada bir adam tapılmaz ki, o binanı sabah bir şirkətə satasan”.

Azərbaycanda özünə bahalı inzibati bina tikən qurumlar arasında Mərkəzi Bank ilk deyil. Hazırda Gömrük Komitəsi üçün də yeni bina inşa edilir. Bu binanın tikintisi 30 milyon manata başa gələcək. Bahalı binada işləyənlər sırasında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti də var.

Türkiyənin Tekfen şirkətinin açıqlamasına görə, Bakıda Heydər Əliyev prospektində Mərkəzi Bank üçün inşa ediləcək bina 37 mərtəbədən ibarət olacaq. 168 metr hündürlüyündə olacaq binanın inşası 3 il davam edəcək.  Tural Abbaslının sözlərinə görə  bu indiki zamanda həm də iqtidarın özünə sabotajdır: “Bu insanların hissləri ilə oynamaqdır. Bu nəyə xidmət edir? Mən deyim. 44 günlük müharibə zamanı əldə olunmuş iqtidar-xalq-müxalifət həmrəyliyinə zərər vurmaqdır, ziyan vurmaqdır. Bunun başqa adı yoxdur”.   

Məlumat üçün bildirək ki, 144,5 milyon əhalisi olan Rusiyanın Mərkəzi Bank binası 2 mərtəbəli, 45 milyon əhalisi olan Ukraynanın Mərkəzi Bank binası 4 mərtəbəli,  9,5 milyon əhalisi olan Belarusun Mərkəzi Bankı 5 mərtəbəli, İsveçrə Mərkəzi Bankının binası da 4 mərtəbədir. Materialı yazdıqca, bir sual barədə çox düşündüm. Görən, cənab Elman Rüstəmov kabinetini neçənci mərtəbədə qurmağı planlaşdırır? Hər halda, arzulamaq ziyanlı iş deyil.

Cəfər Talıb, Space TV

Paylaş

 Xəbəriniz olsun