Ramin Quluzadə Özbəkistan səfirinə Ermənistanın təxribatından danışdı

  • Space TV
  • 13 Oktyabr 2020 17:14

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov arasında görüş keçirilib.

Bu barədə Spacetv.az Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazir səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edib və ona uğurlar arzulayıb. Daha sonra R.Quluzadə Ermənistanın son hərbi təxribatları və Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə məlumat verib. O bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Ağdam, Ağcabədi, Tərtər, Goranboy və Bərdə rayonlarına, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinə raket hücumları nəticəsində sentyabrın 27-dən bu günə qədər 42 nəfər dinc sakin həlak olub, 206 mülki şəxs yaralanıb, 1 786 mülki infrastruktura, o cümlədən poçt və rabitə infrastrukturuna ziyan dəyib.

Nazir qeyd edib ki, oktyabrın 10-da Moskva şəhərində tərəflər arasında humanitar atəşkəsin əldə olunmasına baxmayaraq, 24 saat keçməmiş, Ermənistanın Vardenis şəhərindən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə ballistik raket atılıb. Raketin mülki əhalinin sıx yaşadığı yaşayış binasına düşməsi nəticəsində 10 dinc sakin həlak olub, 34 mülki şəxs yaralanıb.

R.Quluzadə Özbəkistanın Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli üçün göstərdiyi dəstəyə görə səfir B.Aşrafxanova təşəkkür edib. O qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi terror aktlarına görə sərt şəkildə qınamalı və bu fəaliyyətindən çəkinməyə çağırmalıdır.

Görüşdə iki ölkə arasında avtomobil, dəniz və hava nəqliyyatı, tranzit yükdaşımaları və innovasiya sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Paylaş

 Xəbəriniz olsun