Rəsmi məlumat

  • SpaceTV
  • 20 Avqust 2019 16:43

Azərbaycan Respublikası Vergilər, Daxili İşlər Nazirlikləri və Baş Prokurorluq məlumat yayıb. Məlumatda bildirilib ki, son dövrlər vergi yoxlamalarının ümumi sayının azalmasına baxmayaraq,Vergilər Nazirliyi vergidənyayınma ehtimalı yüksək olan hallarda vergi nəzarəti tədbirləri həyata keçirir. Növbəti belə tədbirin Lerik rayonunda fəaliyyət göstərən “Relaks” istirahət və turizm mərkəzində cari il avqustun 16-da keçirilməsi planlaşdırılıb. Nəzarət tədbirinin həyata keçirilməsinə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olub.

Faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972manat məbləğində vergi ödənilməyib. Söhbət Relaks istirahət mərkəzindən gedir. Avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib. Onlara qanuni fəaliyyətini həyata keçirilməsinə maneələr törədilib. Aparılan izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib. Hadisə yerinə gələn Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik Rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməyib. İstirahət mərkəzinin vəzifəli nümayəndələri kimi özünü təqdim edən şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif dərəcəli xəsarətlər yetirib.

Həmçinin Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələyiblər.

Həmin faktla bağlı cinayət işi başlanılıb. Təcrübəli polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb, eləcə də Baş Prokurorluğun, Vergilər və Daxili İşlər nazirliklərinin vəzifəli şəxsləri rayona ezam olunublar. Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən vəziyyət dərhal nəzarətə götürülüb, operativ tədbirlər həyata keçirilməklə ictimai asayiş bərpa olunub, vergi əməkdaşlarının “Relaks” istirahət mərkəzində vergi nəzarəti tədbirinin keçirilməsinə zəruri şərait təmin edilib. Cinayət işi üzrə kriminalistik texniki vasitələrdən istifadə olunmaqla hadisə yerinə foto və videoçəkiliş aparılmaqla baxış keçirilib, maddi sübutlar götürülüb,  hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, ekspertizalar təyin edilib. İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri – Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu,  Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 və 315.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Baş verən hadisə ilə bağlı kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hazırda “Relaks” istirahət və turizm mərkəzində bütün obyektlər normal fəaliyyət göstərir, qonaqlar rahat şəkildə istirahət edir, eyni zamanda vergi nəzarəti tədbirləri adi rejimdə aparılır.

Paylaş

 Xəbəriniz olsun