Qubadlı Suvarma Sistemləri İdarəsinin fəaliyyəti bərpa olunacaq

  • Space TV
  • 14 Noyabr 2020 17:52

Noyabrın 16-dan Qubadlı Suvarma Sistemləri İdarəsinin fəaliyyəti bərpa olunacaq.

Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə işğaldan azad olunan ərazilərimizdə suvarma sistemlərinin bərpasına həsr edilmiş görüşdə məlumat verib. 

O bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdəki su ehtiyatları Azərbaycanın su imkanlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır.

“İşğaldan azad edilmiş ərazilərdə ASC-nin balansında olan meliorasiya və irriqasiya obyektlərinin inventarlaşdırılması, texniki vəziyyətinin qiymətləndirilməsi, onların bərpası və fəaliyyətinin təmin edilməsi üçün təkliflərin hazırlanması məqsədilə əmr imzalanıb və sədr müavini Rafiq Aslanovun rəhbərliyi ilə müvafiq komissiya yaradılıb. Həmçinin, əmrə əsasən noyabrın 16-dan Qubadlı Suvarma Sistemləri İdarəsinin fəaliyyəti bərpa olunacaq”, – deyə sədr əlavə edib.

Qeyd edilib ki, işğal olunmuş torpaqlarımızda doqquz su anbarı, yeddi sututar, 6426 kilometr suvarma şəbəkəsi, iki hidroqovşaq, 330 kilometr kollektor-drenaj şəbəkəsi, 803 hidrotexniki qurğu, 88 nasos stansiyası, 1429 subartezian quyusu var idi. Ümumilikdə isə, 125 min 800 hektar suvarılan torpaq sahəsi işğal altında qalmışdı.

Paylaş

 Xəbəriniz olsun