“Qobu” Enerji Layihəsi üzrə aparılan işlər sürətləndirilib

  • Space TV
  • 11 Noyabr 2020 14:05

“Qobu” yarımstansiyası və elektrik stansiyasında aparılan tikinti və yenidənqurma işləri daha da intensivləşdirilib.

“Azərenerji” ASC-dən Spacetv.az-a verilən məlumata əsasən, ölkədə elektrik enerjisinə artan tələbat, xüsusilə, torpaqlarımızın işğaldan azad olunmasından sonra bu tələbatın daha da artması enerji sistemində aparılan tikinti və yenidənqurma işlərinin sürətləndirilməsini şərtləndirib.

Belə ki, ASC bütün istiqamətlərdə, o cümlədən yeni tikilən 1000 meqavat yükötürmə gücündə olan 330, 220, 110 kolovoltluq “Qobu” yarımstansiyasında və 385 meqavatlıq “Qobu” elektrik stansiyasında işləri intensivləşdirib.

Bildirilir ki, “Qobu” Enerji Layihəsi ölkə enerji sistemində bir mənbədən asılılığı aradan qaldırmaq, Bakı və Abşeronun elektrik enerjisi ilə təchizatının dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmaq, eləcə də, ölkə üzrə artan tələbatı qarşılamaq, regionlardakı elektrik stansiyalarının Bakıya yönələn yükünü azaldıb əyalətlərə sərf edilməsi baxımından müstəsna rola malik olacaq. Yaradılan yeni mənbə Abşeron enerji sistemində tənzimləyici generasiya gücü funksiyasını daşıyacaq.  

Qeyd edilib ki, “Qobu” Enerji Layihəsinin nəzərdə tutulan vaxtdan bir qədər də tez, gələn ilin sonuna qədər tamamlanması nəzərdə tutulub.

Paylaş

 Xəbəriniz olsun