““Qobu” Elektrik Stansiyası enerji dayanıqlılığının təmin edilməsi işində mühüm rol oynayacaq”

  • Space TV
  • 21 Avqust 2020 20:13

Bu gün Prezident İlham Əliyev 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olub. Dövlətimizin başçısı, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub. Sonra Prezident İlham Əliyev energetiklərlə görüşüb. Dövlətimizin başçısı görüşdə çıxış edib. Yeni elektrik stansiyasının tikilməsinin Azərbaycanın enerji potensialının gücləndirilməsi istiqamətində çox önəmli addım olduğunu deyən Prezident İlham Əliyev stansiyanın 2022-ci ilin əvvəlində tam istifadəyə veriləcəyini bildirib: “Stansiyanın generasiya gücü 385 meqavatdır. Bu, ölkəmizdə tikilən böyük stansiyalar arasında öz yerini tapacaq. Bütövlükdə bu stansiyanın çox böyük əhəmiyyəti var. Çünki bu stansiyanın timsalında biz müasir Azərbaycanın ümumi inkişafını görürük. Burada ən müasir texnologiyalar tətbiq ediləcəkdir. Dünyanın aparıcı şirkətləri bizimlə bərabər bu stansiyanın inşasında iştirak edəcəkdir. Eyni zamanda, çox güclü beynəlxalq nəzarət olacaq”.

Dövlətimizin başçısı stansiyanın bütün beynəlxalq ekoloji standartlara tam cavab veridiyini bildirib: “Ona görə ekoloji baxımdan stansiyanın əhəmiyyəti xüsusi qeyd edilməlidir. Burada şərti yanacağın sərfiyyatı da aşağı səviyyədədir – 260 qram. Energetiklər bilirlər ki, bu, çox aşağı səviyyədir. Bütövlükdə son illərdə görülmüş işlər nəticəsində enerji sistemində şərti yanacağın sərfiyyatı aşağı düşməkdədir. Eyni zamanda, itkilər də azalır. İtkilərin azalmasına gəldikdə, bu stansiyanın əhəmiyyəti ondadır ki, o, Bakının və Abşeron yarımadasının “Mingəçevir” İstilik Elektrik Stansiyasından asılılığını aşağı salacaq və beləliklə, itkilər azalacaq. Çünki “Mingəçevir” İstilik Elektrik Stansiyası Bakıdan 250 kilometr məsafədə yerləşir və əlbəttə ki, enerjinin ötürülməsi istər-istəməz itkilərə gətirib çıxarır. Eyni zamanda, bu stansiyanın əhəmiyyəti ondadır ki, mümkün olan qəzaların fəsadları azalacaq. Çünki hamımız yaxşı xatırlayırıq, iki il bundan əvvəl “Mingəçevir” İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində demək olar ki, Bakı şəhəri, Abşeron yarımadası və ölkəmizin böyük hissəsi işıqsız qalmışdı. Ona görə bu stansiyanın məhz Abşeron yarımadasında inşa edilməsi bizi qəzalardan da sığortalayacaq”.

Son vaxtlar bərpaolunan enerji növlərinə Azərbaycanda çox böyük əhəmiyyət verildiyini deyən Prezident İlham Əliyev bu istiqamətdə böyük planların olduğunu vurğulayıb: “Energetiklər yaxşı bilirlər ki, bərpaolunan enerji növlərinin genişmiqyaslı inkişafı ənənəvi enerji növlərinin inkişafı ilə bilavasitə bağlıdır. Ona görə bu stansiya enerji dayanıqlılığının təmin edilməsi işində də mühüm rol oynayacaqdır. Bütövlükdə bu stansiyanın enerji sistemimizin təşkilində və gələcək inkişafında çox böyük rolu olacaqdır”.

Paylaş

 Xəbəriniz olsun