İllər öncə yüksək məbləğdə pul verib aldıqları evi indi tərk etmək məcburiyyətindədirlər. Həm də hər hansı kompensasiya ödənilmədən. Sabunçu rayonu Dilqəm Pişəvəri 13 və 15 ünvanında yerləşən bu iki bina kəskin qəzalı vəziyyətdə olduğu üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən söküntüsü həyata keçiriləcək binaların siyahısına salınıb.
Paytaxtın digər ünvanlarında olduğu kimi bu binaların sakinlərinə də söküntü barədə əvvəlcədən xəbərdarlıq edilib. Ümumilikdə 51 ailədən 49 nun mənzilinin sənədləri qaydasında olduğu üçün kompensasiya ödənilərək köçürülməsi icra olunub. Ancaq Allahverdi Vəliyev kimi digər iki ailənin mənzilinin sənədləri qaydasında olmadığından, daha doğrusu illərdir yaşadıqları ünvanda qeydiyyata düşmədiklərindən onlara kompensasiya ödənilməyib.
Sabunçu İcra Hakimiyyətinə müraciət edən ailələrə isə yalnız müvəqqəti olaraq sözügedən ünvanda yaşamaq hüququnun olduğu bildirilib.
Bəs vətəndaşlar ev-alqı satqısı zamanı nələrə diqqət etməlidirlər ki, sonradan evsiz qalmasınlar. Ekspert Nofəl Quliyev deyir ki, kompensasiya ala bilməyən vətəndaş mənzilə ödədiyi məbləğin kassa mədaxil qəbzi və ev alqı-satqı müqaviləsi ilə birlikdə aidiyyatı olan məhkəmə orqanlarına müraciət edə bilər.
Sabunçu rayon İcra Hakimiyyətindən isə bildirildi ki, sözügedən ünvandakı binaların rəsmi qeydiyyatda olan sakinlərinin köçürülməsi başa çatdırlıb. “Hazırda qəzalı vəziyyətdə olan binada yaşayan 3 ailə isə vaxtilə ora zəbtetmə yolu ilə daxil olduqları üçün heç bir kompensasiyadan belə söhbət gedə bilməz”, – deyə icra hakimiyyətindən Hər Günə bildirildi.
Rəşad Vəkiloğlu Space