“Qartalın dimdiyinə” səyahət – VİDEO

  • Space TV
  • 25 Avqust 2020 12:57

Karonavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimində ərazisinə giriş məhdudlaşdırılan məkanlardan biri də milli parklar idi. Avqustun 21-dən etibarən tətbiq edilən növbəti yumşaldılma zamanı milli parkların da fəaliyyətinə icazə verildi. Space TV-nin məlumatına görə, son 4 gün ərzində Abşeron Milli Parkını 50-ə yaxın turist ziyarət edib.

Paytaxtın bir addımlığında təbiət qoynunda hüzur, sakitlik. Rəngarəng təbiət mənzərələri ilə baş-başa qalmaq üçün Abşeron Milli Parkına üz tutmaq bəs edir. 783 hektar sahəni əhatə edən Milli Parkda Xəzər suitisindən tutmuş ceyrana kimi bir çox heyvanlar var. Yaşılbaş ördəyi, su ilanları, gümüşü qağayı, cürbəcür tısbağalar, rəngbərəng quşlar, daha nələr nələr.

Uzun fasilədən sonra artıq 4 gündür ki, milli park qapılarını ziyarətçilərin üzünə açıb. Bu günlərdə vəhşi təbiətə üz tutanların sayı da az deyil.

Hazırda parka səyahət edərkən həm daxili qayda-qanunlara əməl etmək vacibdir, həm də xüsusi karantin rejiminin tələblərinə.

Milli Parkın ərazisində vəhşi heyvanların müvəqqəti saxlanılması üçün də şərait yaradılıb. Bəzi heyvanlar burada bir müddət bəsləndikdən sonra təbiətə buraxılırlar.

Abşeron Milli Parkının ərazisi ən qədim zamanlardan sevgiyə inanc gətirən müqəddəs məbəd yeri olub. Xəyallarına çatmaq üçün insanlar bu yerdə göyə, günəşə və açıq dənizə üz tutub, dua edib.

Parkın ərazisində avtomobillə də ziyarət etmək mümkündür. Təxminən 4 kilometr avtomobillə irəlilədikdən sonra yol bitir. Bir qədər də piyada yolçuluqdan sonra Azərbaycan xərtəsindəki qartalın “dimdiyinə” çatırıq.

Abşeron Milli Parkı 2005-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb.

Cəfər Talıb, Space TV

Paylaş

 Xəbəriniz olsun