Qarabağda qiymətli metalların qeyri-qanuni hasilatı üzrə hesabat hazırlanıb

  • Space TV
  • 2 Fevral 2021 12:06

“Azergold” QSC tərəfindən 2020-ci ildə icrası nəzərdə tutulan layihələr portfeli geniş təhlil edilmiş, ölkədə iqtisadi fəallığın qorunması və təşviqinə töhfələrin verilməsi məqsədilə əlavə tədbirlər proqramı hazırlanıb. 

Bunu “Azergold” QSC-nin İdarə Heyətinin Sədri Zakir İbrahimov 2020-ci ilin yekunlarını həsr mətbuat konfransında deyib.

Əlavə Tədbirlər Proqramının icrası ilə regionlarda məşğulluğun artırılması istiqamətində mühüm addımlar atılıb, podratçı şirkətlər daxil olmaqla işlə təmin edilmiş əməkdaşların orta sayı 658 nəfər təşkil edib, ümumilikdə 20,7 milyon manat məbləğində vəsait ölkə iqtisadiyyatına cəlb edilib.

Proqramının icrası üçün tələb edilən vəsait dövlət büdcəsindən ayırmalar hesabına deyil, Cəmiyyətin Bakı Fond Birjası vasitəsi ilə istiqrazlarının emissiyası hesabına təmin edilib. İki tranş üzrə baş tutmuş və 20 milyon ABŞ dolları təşkil edən istiqrazların emissiyasında tələb təklifi orta hesabla 2 dəfədən çox üstələyib, nəticədə Cəmiyyət üçün illik faiz xərcinin 4 faizdən 3,36 faizədək enməsinə nail olunub. 

Məlum olduğu kimi, ölkəmizin parlaq qələbəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə əlvan metalların qeyri-qanuni hasilatı üzrə fəaliyyətin hüquqi qiymət alması məqsədilə Cəmiyyət tərəfindən 2018-ci ildən araşdırmalar aparılıb. İcra edilən layihə çərçivəsində hazırlanmış “Məhkəmə Strategiyası üzrə Hesabat” sənədi 2020-ci ilin iyul-dekabr ayları ərzində layihə çərçivəsində toplanılmış məlumatlar və faktlarla birgə müvafiq dövlət qurumlarına təqdim edilib. 

Sənəddə işğal zamanı Qarabağda əlvan metalların qeyri-qanuni hasilatı və ticarəti ilə məşğul olmuş şəxslər və şirkətlər, qeyri-qanuni hasilata dəstək verən qaçaqmalçı şəbəkələr zənciri, onların qanunsuz fəaliyyəti barədə ictimai açıq mənbələrdən toplanmış detallı məlumatlar əks olunub. 

Bununla yanaşı, Cəmiyyət tərəfindən işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı konsepsiyasına uyğun olaraq İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə birlikdə əlvan metal yataqlarının gələcək istismarı ilə bağlı müvafiq araşdırmalar və digər lazımi işlər proqramlaşdırılır. 

İşğaldan azad edilən ərazilərimizdə əlvan metal ehtiyatlarının potensialı ölkənin dağ-mədən sənayesinin və metallurgiyanın gələcək inkişafında böyük rol oynayacaq. Sənaye əhəmiyyətli proqnoz resurslara malik çoxsaylı qızıl, gümüş, mis, civə və  digər faydalı qazıntı yataqlarının istismara verilməsi azad edilmiş ərazilərimizdə sənayeni yenidən təşkil etməyə, iqtisadiyyatın əksər sahələrinin inkişafını intensivləşdirməyə, yerli əhalinin əlavə iş yerləri ilə təmin olunmasına, eləcə də bərpa olunacaq şəhər və kəndlərin inkişafına böyük ölçüdə dəstək olacaq. 

Dövlət Geoloji İnformasiya Fondunda saxlanılan mətn və qrafik əlavələrin elektronlaşdırılaraq təhvil verilməsinə dair “AzerGold” QSC ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən imzalanmış müqavilə üzrə nəzərdə tutulan qrafika və səhifələrin 85 faizi elektronlaşdırılıb. 

Məlumatların elektronlaşdırılmasından sonra rəqəmsallaşdırılması və yataqlar üzrə səmərəlilik dərəcəsinin ilkin müəyyənləşdirilməsi işlərinin aparılması istiqamətində də fəaliyyət davam etdirilib. Yataqlara aid məlumatların effektiv şəkildə rəqəmsallaşdırılmasının təşkili üçün ekspedisiyaların çöl-tədqiqat işlərinin icrası davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun