“Qarabağ probleminin həlli kontekstində Azərbaycanın xeyrinə müəyyən dəyişikliklərin baş vermə perspektivi var”

  • Space TV
  • 27 Avqust 2020 22:09

“Ceyhun Bayramovun Rusiya səfərinin nəticələrini yaxın gələcəkdə Dağlıq Qarabağ probleminin həlli kontekstində görə biləcəyik”. Bu sözləri Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovun Rusiya səfərini Spacetv.az saytına şərh edən politoloq Aydın Quliyev deyib.  Siyasi ekspert bu səfərdə Azərbaycanın həm ikitərəfli əməkdaşlıq, həm çoxtərəfli platformalarda, həm də konkret Qarabağ probleminin həlli sahəsində mövqelərinin daha dəqiq ifadə olunması kontekstində ciddi nailiyyətlər olduğunu deyib: “Minsk qrupunun həmsədrlər formatının indiyə qədər özünü doğrultmaması, Qarabağ probleminin həlli sahəsində irəliləyişinin olmaması, Ermənistanın danışıqlara imitasiya xatirinə getməsi, Azərbaycanın bütün işğalın ən ağır nəticələrinə baxmayaraq indiyə qədər konstruktiv mövqe tutması və bundan sonra danışıqların ancaq substantiv və məzmunlu formada davam etdirilməsi iradəsində olduğunun ifadə edilməsi düşünürəm ki, proseslərin gedişində müəyyən nəticələr və dəyişikliklər yarada bilər. Xüsusilə də, Ermənistanın son hadisələrdə çox ciddi məsuliyyət daşıdığı və Tovuzda başverən təxribatların arxasında hansı niyyətlərin dayandığını Rusiya diplomatik dairələri ilə müzakirə olunması çox əhəmiyyətlidir”.

Politoloqun sözlərinə görə, xarici işlər nazirinin səfərindən sonra  Azərbaycanla Rusiya arasında iqtisadi sahədə əməkdaşlığın genişlənəcəyini gözləmək olar: “Azərbaycanın Rusiya ilə başqa geniş sahələrdə əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün prespektivlərin müzakirəsi baxımından bu səfər əhəmiyyətlidir. Xüsusilə, iqtisadi, ticarət və investisya sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından bu səfərdən sonra yeniliklərin  baş verəcəyi gözlənilir.  Çünki, iki ölkənin ticarət əməkdaşlığı əvvəlki illərlə müqayisədə bu pandemiya nəzərə alınmasa yüksələn xətt üzrə gedir. Azərbaycan bunu daha da genişləndirmək və dərinləşdirmək iradəsində olduğunu nümayiş etdirdi”.

Aydın Quliyev həmçinin bildirib ki, Rusiya xarici işlər nazirinin vasitəçilər formatını və danışıqlar formatını dəyişdirmək cəhdləri ilə bağlı söylədiyi fikirlər sonrakı hadisələrə təsir edə bilər: “Bu onun ifadəsidir ki, əgər Rusiya hakimiyyəti Dağlıq Qarabağ probleminin həlli ilə bağlı prosesin ölü nöqtədən hərəkətə gətirilməsində həqiqətən maraqlıdırsa onda həm həmsədrlərin, həm də Minsk qrupunun bu məsələdə təsirli aktiv rolunun ortaya qoyulmasında maraqlı olmalıdır. Çünki, əks halda Azərbaycan üçün alternativ vasitələrdən və variantlardan istifadə etmək zərurəti ortaya çıxa bilər. Hər halda düşünürəm ki, Lavrovun danışıqlarda indiyə qədər əldə olunmuş formatın nəticələrinin qorunub saxlanması və bunun inkişaf etdirilməsi ilə bağlı rəy ifadə etməsi əhəmiyyətlidir”.

Politoloq ümumilikdə  Ceyhun Bayramovun Moskvaya səfəri və apardığı danışıqların ilkin nəticələrini uğurlu hesab etdiyini vurğulayıb: “Dünəndən bəri erməni mediasının bu səfərin nəticələrini xüsusi qaralamağa çalışması da sübut edir ki, ermənilər də bu danışıqlardan Qarabağ probleminin həlli kontekstində Azərbaycanın xeyrinə müəyyən dəyişikliklərin baş vermə perspektivini gözləyirlər. Bu da deməyə əsas verir ki, həqiqətən Azərbaycan xarici işlər nazirinin bu səfəri uğurlu olub”.

Əbülfət Baxşəliyev, spacetv.az

Paylaş

 Xəbəriniz olsun