“Qanunla polisin seçkiqabağı təşviqat prosesinə müdaxiləsi qadağandır” – DİN-dən AÇIQLAMA

  • Space TV
  • 7 Fevral 2020 18:19

Son günlər bir sıra kütləvi informasiya vasitələrində parlament seçkilərinə qatılan bəzi namizədlərin polis orqanlarına çağırılması barədə məlumatlar yayılıb.

SPACE TV xəbər verir ki, məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlama verib

“Həmin iddiaların heç bir əsası yoxdur və bu dezinformasiyadır. Polis, seçkiqabağı təşviqat prosesinin gedişinə müdaxilə etmir və qanunla da polisin siyasi fəaliyyətə müdaxiləsi qadağandır. Lakin ictimai qaydanı qorumaq, ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifəsidir. Daha bir vəzifəsi – kütləvi tədbirlər zamanı asayişin mühafizəsini həyata keçirməkdir.

Ona görə də seçkiqabağı təşviqat prosesində ictimai qaydanı pozan hərəkətlərin qarşısı polis tərəfindən alınır və bu cür hallar üzrə araşdırma aparılır. Yalnız qeyd etdiyim əməllərlə əlaqədar, eləcə də namizədin seçicilərlə görüşünə mane olma, təşviqat-nəşr materiallarını qəsdən məhv etmə kimi hüquqpozma törətmiş şəxs polisə dəvət edilir, onunla profilaktik söhbətlər aparılır və ya məsələ qanunverijiliyə uyğun olaraq rəsmiləşdirilir, o cümlədən protokol tərtib edilir yaxud araşdırmaların nəticələri üzrə digər qərarlar qəbul olunur.

Əgər qanun pozuntuları ilə bağlı polisin səlahiyyətlərinə aid olan məlumat deputatlığa namizəd tərəfindən daxil olubsa, bu halda da araşdırma aparılaraq lazımi tədbirlər görülür və təşəbbüskar məlumatlandırılır.”

Paylaş

 Xəbəriniz olsun