Qanun hamı üçündür – VİDEO

  • Space TV
  • 22 Avqust 2020 16:24

 “Qanun hamı üçündür, heç kim qanundan üstün ola bilməz”. Spacetv.az-ın xəbərinə görə, xüsusi karantin rejimindən doğan qadağalara baxmayaraq bu günlərdə bəzi məmurların toy mərasimləri təşkil etməsinə sosial şəbəkələrin Azərbaycan seqmentində istifadəçilər hiddətlərini bu sözlərlə ifadə edirlər. Bu kimi hallar dövlət başçımızın da iradəsinə ziddir. Prezident İlham Əliyev çıxışlarında hər kəsin qanun qarşısında bərabər olduğunu, kimsənin toxunulmaz olmadığını dəfələrlə vurğulayıb.

 Müəyyən yumşaldılmalar olsa da ölkəmizdə xüsusi karantin rejimi davam edir və bu səbəbdən bəzi qadağalar hələ də qüvvədədir.  Yoluxmaların daha çox kütləvi məclislər zamanı qeydə alındığını nəzərə alsaq, yas və toy mərasimlərinin keçirilməsinə qadağanın davam etməsinin də məntiqi olduğu ortadadır. Koronavirusla mübarizə ümummilli məsələdir, heç kim  şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata bilməz. Tam əksi, məmurlar özləri sadə vətəndaşlara yaxşı nümunə olmalıdırlar. Necə ki, ölkə başçısı hər addımda həm qərarları, həm də hərəkətləri ilə nümunə olmağı bacarır.

 İctimaiyyət nümayəndələri də bəzi məmurların öz poslarından sui-istifadə edərək belə qanun pozuntularına yol vermələrinin insanların gərgin olan əsəblərini daha da gərdiyini, ölkədə narazılığı artırdığını deyirlər.

Toy Azərbaycan xalqının ən çox önəm verdiyi adətlərdən biridir. İnsanlarımız aylarla, illərlə bu mərasimə hazırlıqlar görürlər. Bəzən toy günləri, toy məkanları bir neçə ay öncədən müəyyənləşir. Amma ölkəmizdə artıq 5 aydır toy gününü belə təyin etmiş insanlar xüsusi karantin rejimi səbəbindən ömürlərinin bu önəmli hadisəsini təxirə salıblar. Belə olduğu halda kimsə, ölkənin qanunlarını tapdalayaraq öz ailəsi üçün şadyanalıq, toy mərasimi təşkil edirsə, bu haqlı olaraq insanlarda hiddət doğurur. Amma Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır, vəzifəsi və statusundan asılı olmayaraq…  

Hər bir şəxs mövcud reallığı, qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq.

Paylaş

 Xəbəriniz olsun