Qala daşları yerindədir
Bir neçə gün öncə Şamaxıda yerləşən “Gülüstan” qalasından daşların oğurlanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılmışdı. Lakin mütəxəssislərin əraziyə baxışı zamanı məlumatın yanlış olduğu ortaya çıxıb.
Şamaxı şəhərindən 3 km şimal-qərbdə, Böyük Xınıslı kəndindən 200 metr yüksəklikdə yerləşən və əsası VI əsrdə qoyulan qala əsrlər boyu Şirvan hökmdarlarının iqamətgahı olub. İddia olunub ki, Böyük Xınıslı kəndindən bir qrup sakin “Gülüstan”qalasının daşlarını oğurlayır və tikinti məqsədilə istifadə edir. Sözügedən məsələ mütəxəssisləri narahat etdiyindən onlar əraziyə baxış keçirib. Araşdırma nəticəsində iddiaların əsassız olduğu bildirilib. Şamaxı-Ağsu Ekspediyasının rəisi Akif Quliyev heç bir oğurluq halının baş vermədiyini bildirib.
“Gülüstan” qalası Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən qorunur. Onların sözlərinə görə, abidə mütəmadi olaraq nəzrətdə saxlanılır.
Qeyd edək ki, “Gülüstan” qalası arxeoloji turizm baxımından böyük potensiala malikdir.
Vahid Fəxri Şamaxı Space